“Gürcü Arzusu” Siyasi Şurasının Bəyanat yayıb.
Bəyanatı olduğu kimi təqdim edirik:
17 Avropa dövlətinin xarici işlər nazirləri və Avropa İttifaqının Ali Nümayəndəsinin imzası ilə yayılmış məktub, təəssüf ki, gürcü xalqına və gürcü demokratiyasına qarşı növbəti kobud və ədalətsiz hücum kimi qiymətləndirilməlidir. Bəyanat sovet üslubunda dezinformasiyalar və yalan ittihamlarla doludur. Bu səbəbdən məktubu imzalayan hər bir şəxsə gələcəkdə bəyanatlarına daha məsuliyyətlə yanaşmağa çağırırıq.
Gürcü xalqına qarşı 26 oktyabrdan sonra yeni məzmun qazanmış orkestrləşdirilmiş hücumun yeganə səbəbi odur ki, gürcü xalqı “Dərin Dövlət”in agenturasının, kollektiv “Vahid Milli Hərəkat”ın hakimiyyətə qayıtmasına imkan vermədi. Bu qayıdışı isə Aİ-nin Gürcüstandakı səfiri və müəyyən avropalı və keçmiş amerikalı məmurlar açıq şəkildə dəstəkləyirdilər.
Hamı görür ki, parlament seçkilərinin legitimliyini heç kim şübhə altına almır. Yalnız obyektiv reallıq deyil, həmçinin ATƏT/ODİHR-in hesabatı, ATƏT rəhbər şəxslərinin, o cümlədən bir neçə gün əvvəl ATƏT-in baş katibinin bəyanatı da göstərir ki, 2024-cü il seçkiləri gürcü xalqının iradəsini tam əks etdirirdi. Aydındır ki, avropalı məmurlar seçkinin məzmunundan deyil, nəticəsindən narazıdırlar.
18 avropalı məmurun bəyanatında təqdim olunan dezinformasiyalardan biri radikal siyasətçilərin həbsi ilə bağlıdır. Bu həbslər “siyasi motivli” adlandırılır və məqsədin bələdiyyə seçkiləri öncəsi “siyasi müxalifətin sıxışdırılması” olduğu bildirilir. İlk növbədə, hamıya xatırlatmalıyıq ki, həbs edilən siyasətçilərdən yalnız Mamuka Xazaradze və Badri Japaridze yerli özünüidarəetmə seçkilərində iştirak etməyi planlaşdırırdılar/planlaşdırırlar. Məktubu imzalayan məmurlara da xatırlatmaq istəyirik ki, həmin siyasətçilərə qarşı tətbiq olunan qanun 30 il əvvəl qəbul edilib və tamamilə Avropa praktikasına və standartlarına uyğun gəlir. Məsələ tam aydın və şəffafdır: konkret siyasətçilər parlamentin istintaq komissiyasına gəlməkdən imtina etdilər, halbuki qanun bu halda 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Onlara da bu əməlləri üçün 7-8 aylıq həbs cəzası verildi. Gələnlərə isə heç bir cəza tətbiq edilmədi. Üstəlik, məhz yerli seçkilər kontekstində Gürcüstan prezidenti Mixeil Kavelashvili bildirdi ki, seçkilərdə iştirak etmək istəyən bütün siyasətçiləri əfv edəcək, əgər bu barədə prezidentə müraciət etsələr. Amma bu halda da radikal siyasətçilər dövlət institutuna qarşı tam sayğısızlıq göstərdilər və avropalı məmurlar isə buna səssiz dəstək verdilər.
Məktubda qeyd olunan başqa bir dezinformasiya isə ondan ibarətdir ki, guya aktivistlər “ədalətsiz şəkildə həbs olunublar”. Bu bəyanat yalnız onu göstərir ki, keçən ilin noyabr-dekabr aylarında hökumətin devrilməsi cəhdi və nümayişçilərin zorakı hərəkətləri məhz xarici qüvvələr tərəfindən dəstəklənirdi. Hamıya yaxşı məlumdur ki, legitim hakimiyyətin zorakı şəkildə devrilməsi cəhdi USAID, NED, EED və bu kimi digər fondlar tərəfindən qeyri-şəffaf şəkildə maliyyələşdirilir və konkret avropalı və keçmiş amerikalı məmurlar açıq şəkildə bunu dəstəkləyirdilər. Elə həmin şəxslər bu zorakı hərəkətləri “dinc etiraz” adlandırdılar – bunu hətta sovet təbliğatı belə etməzdi. Məlumdur ki, zorakı nümayişçilərə qarşı bütün istintaq prosesləri tam şəffafdır. Dezinformasiyalarla dolu məktubu imzalayan məmurlara da xatırladırıq ki, bir neçə yüz zorakı etirazçıdan yalnız 30-a yaxını həbs olunub ki, bu da istintaqın yüksək standartlarını göstərir. Eyni zamanda onlara xatırlatmaq istərdik ki, Böyük Britaniya, Almaniya, Fransa, İsveç, İspaniya və digər müvafiq Avropa ölkələrində polisə hücuma görə çoxillik (bəzən 5-8 il) həbs cəzası nəzərdə tutulur.
Əgər haradasa siyasi təqibdən danışmaq mümkündürsə, bu, ilk növbədə Almaniya və Fransadır. Bu ölkələrdə əsas müxalifət partiyaları və onların liderləri təqib olunur, buna görə də onların siyasi təqibdən danışması, yumşaq desək, gülməlidir. Eyni zamanda Rumıniyada baş verən misli görünməmiş hadisəni də xatırlatmaq lazımdır – prezident seçkilərinin ilk turunda qalib gəlmiş namizədin nəticələri ləğv edildi və daha sonra ona qarşı cinayət işi açıldı, seçkilərdə iştirakına qadağa qoyuldu. Avropa bürokratiyası isə bu demokratiyanın ayaqlar altına alınmasına tam dəstək verdi, bu səbəbdən gürcü demokratiyasının qınanması tamamilə yersizdir.
Dezinformasiyalarla dolu məktubda yer alan başqa bir təhlükəli direktiv də son zamanlar qəbul edilmiş “represiv qanunların” ləğv edilməsinin tələb olunmasıdır. Bu qanunların məqsədi xarici maliyyələşdirmə yolu ilə Gürcüstanın suverenliyinin pozulmasının və dövlət institutlarının zəiflədilməsinin qarşısının alınmasıdır. Bütün bu qanunlar hüquqi prinsiplərə və standartlara tam uyğun gəlir. Bu səbəbdən, hər hansı arqumentsiz Gürcüstan parlamentinə göstəriş verilməsi ki, hansı qanunu qəbul etsin, hansı etməsin – bu, parlament suverenliyinə kobud müdaxilə və gürcü xalqının təhqir olunmasıdır.
18 avropalı məmurun məktubu bir daha bizə göstərir ki, Avropa İttifaqı ölkələrinin böyük əksəriyyətində və Böyük Britaniyada “dərin dövlət”in qeyri-rəsmi idarəçiliyi nə qədər dərin kök salıb. Avropa bürokratiyasında artıq heç bir mənəvi sərhəd qalmayıb. Tək bir prinsip var – ya ölkəni “dərin dövlət”in agenturası idarə edir, ya da o, avropalı məmurların daimi hücum obyektinə çevrilir. Gürcüstan, Macarıstan, Slovakiya və Serbiyaya bağışlanmayan tək şey isə onların müstəqillik və suverenlikləridir.
Son hadisələr düşünməyə ciddi əsas verir ki, vaxtilə “dərin dövlət” Böyük Britaniyanı Aİ-dən xüsusi məqsədlə ayırdı. “Brexit” əsasında üçüncü, ayrılmış mərkəz formalaşdı, bu da “dərin dövlət”in qlobal gündəliyinin həyata keçirilməsinə xidmət edir. Böyük Britaniyanın keçmiş baş naziri Liz Trassın sözlərini xatırlamalıyıq – o, açıq şəkildə bildirdi ki, bu gün Britaniyanı “dərin dövlət” idarə edir. Ümid edirik ki, Donald Tramp verdiyi vədi yerinə yetirə biləcək və “dərin dövlət”i məğlub edəcək – bu, Avropa ölkələrinə də suverenliyini qaytaracaq. Görürük ki, “dərin dövlət”in ağırlıq mərkəzi ABŞ-dan Avropaya keçib. Əgər “dərin dövlət” məğlub edilməzsə və sadəcə rebrendinq edilərsə, təəssüf ki, həm Avropanın zəifləməsi, həm də gürcü xalqına və demokratiyasına hücumlar davam edəcək. Donald Trampa bu mühüm işində bir daha uğurlar arzu edirik.
Bu gün Avropa demokratik geriləmə və ciddi dəyərlər böhranı yaşayır. Avropa dövlətlərinin əksəriyyəti “dərin dövlət”in ciddi təsiri altındadır. Nəzarətsiz miqrasiya, saxta liberal təbliğat, dövlət və dini institutların nüfuzdan salınması Avropaya öz kimliyini itirtməkdədir. Arzuolunmaz partiya və namizədlərin seçki qələbələrinin tanınmaması, seçkilərin ləğvi, opponentlərin siyasi təqibi, medianın azadlığının total şəkildə məhdudlaşdırılması bu gün Avropada norma halına gəlib. Bu şəraitdə, nə Avropa Parlamentinin absurd qətnamələri, nə 18 avropalı məmurun dezinformasiyalarla dolu məktubu, nə onların sanksiyaları, nə də gürcü xalqına qarşı digər hücumlar artıq təəccüb doğurmur.
Biz heç kimə hücum etməyəcəyik, lakin heç kəsə vəd də verə bilmərik ki, ölkəmizi, onun suverenliyini və kimliyini, gürcü xalqının maraqlarını müdafiə etməyəcəyik. Bu mübarizədə heç bir kompromisə yol verməyəcəyik. Eyni zamanda, Gürcüstanla ədalətli əməkdaşlıq istəyən hər bir dövlətlə əməkdaşlığa tam hazır olduğumuzu bildiririk. Hər kəs dərk etməlidir ki, Gürcüstanın Avropaya ehtiyacı olduğu qədər, Avropa İttifaqının da Gürcüstana ehtiyacı var.