5 iyun tarixində “Parlaq Gələcək Gənclər Mərkəzi” və “SİMART” Platformasının birgə təşkilatçılığı ilə “Nağıl saatları” layihəsi çərçivəsində Bolnisi bələdiyyəsimin Naxiduri ictimai məktəbində uşaqlar üçün maarifləndirici tədbir keçirilib.
Tədbirdə Parlaq Gələcək Gənclər Mərkəzinin rəhbəri Araz Musayevlə birgə Maya Əhmədova, Filiz Abdullayeva, Raminə Cəfərova və Fidan Məmmədova da iştirak edib.
Görüşdə çıxış edən Araz Musayev mütaliənin uşaqların şəxsi və intellektual inkişafında mühüm rol oynadığını qeyd edib.
Tədbir zamanı uşaqlara maraqlı bir nağıl təqdim olunub, sonda isə Maya Əhmədova “Heyva ağacı” adlı nağıldan suallar verərək uşaqların diqqətini və anlama səviyyəsini qiymətləndirib.
Tədbirdə gənclərin bu cür kiçik, lakin əhəmiyyətli təşəbbüslərinin cəmiyyətin maariflənməsi istiqamətində atılan vacib addımlardan olduğu vurğulanıb.
Daha sonra “SİMART” platformasının təqdim etdiyi “Heyva ağacı” adlı animasiya filmi nümayiş olunub. Film izlənildikdən sonra uşaqlar mövzuya dair sualları cavablandırıblar və məktəbin həyətinə birlikdə ağac əkiblər.
Tədbirin sonunda hər bir iştirakçıya “SİMART” layihəsinin “İçərişəhərin sirli sakini” kitabı hədiyyə edilib.
Tədbirdə Naxiduri ictimai məktəbinin 40 dan çox şagirdi iştirak edib.
Tədbirin həyata keçirilməsində məktəbin gürcü dili müəllimi və eyni zamanda həmin kəndin Gənclər İcma Mərkəzinin direktoru Çinarə Nəbiyevanın təşkilatçılığı xüsusi qeyd olunub.
Layihənin əsas məqsədi uşaqlarda yaradıcı düşüncə bacarıqlarının inkişafına dəstək göstərmək və onlara mənəvi dəyərlər aşılamaqdır.