Gürcüstanın baş naziri İrakli Kobaxidze Gürcüstan-Ermənistan futbol matçında iştirak etmək üçün Tbilisiyə səfər edən erməni həmkarı Nikol Paşinyanı qəbul edib.
Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, təkbətək görüş zamanı tərəflər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərini və ikitərəfli münasibətlərin inkişafının müsbət dinamikasını bir daha vurğulayıblar.
Həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığın xüsusi əhəmiyyəti və birgə səylərin regionda sülhün və sabitliyin təmin edilməsində rolu qeyd edilib.
Daha sonra İrakli Kobaxidze X-də yazıb ki, hər iki ölkə həm idmanın, həm də insanlar arasında əlaqələrin inkişafına kömək etmək istəyir.
“Mən Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul etməkdən məmnunam. Erməni həmkarımla milli komandalarımız arasında keçiriləcək bugünkü futbol oyununda iştirak etməyi səbirsizliklə gözləyirəm. Bizim istəyimiz həm idmanın, həm də insanlar arasında əlaqələrin inkişafına kömək etməkdir”, – Kobaxidze qeyd edib.
İrakli Kobaxidze və Nikol Paşinyan bu gün Gürcüstan və Ermənistan milliləri arasında keçiriləcək oyunda iştirak edəcəklər. Millətlər Liqasının pley-off mərhələsinin ikinci oyunu “Dinamo Arena”da keçiriləcək.