Yunanıstanda keçirilən növbədənkənar parlament seçkilərində hazırkı Baş nazir Kiriakos Mitsotakisin “Yeni Demokratiya” partiyası liderlik edir.
QafqazTürk xəbər verir ki, ilkin nəticə hakim partiyaya əsas rəqib SİRİZA ilə müqayisədə təxmini iki dəfə üstünlük göstərir.
Mayın 21-i yerli vaxtla saat 19:00-da Yunanıstanda seçki məntəqələri bağlanıb, səslər hesablanıb. İlkin məlumata görə, Mitsotakisin siyasi qüvvəsi “Yeni Demokratiya” təxminən 41 faiz səs toplayıb. Lakin iqtidar partiyası parlamentdə təkbaşına hökümət formalaşdırmaq üçün tələb olunan deputat sayından 5 yer əskik toplaya bilib. Bu səbəbdən Mitsotakis ya digər partiyalarla koalisiya qurmalı, ya da ikinci tur seçkilər keçirilməlidir. İlkin məlumata görə hazırkı Baş nazir Mitsotakis koalisiya istəmədiyindən seçkilərin ikinci turuna gediləcək.
Əsas rəqib, keçmiş baş nazir Aleksis Tsiprasın sol müxalif SİRİZA partiyası təxminən 20% səs toplayıb.
Ölkədə təxminən 9,9 milyon vətəndaş səsvermə hüququna malikdir. Üstəlik, 16 yaşdan etibarən səs vermək üçün seçki ili vətəndaşın 17 yaşı tamam olmalıdır.
Maraqlıdır ki, regionda Yunanıstanın rəüib hesab etdiyi Türkiyədə də təxminən eyni vaxtda ikinci tur seçkilər keçiriləcək.
Yunanıstanın Avropa Xalq Partiyasının rəhbəri Manfred Veber artıq hazırkı baş naziri qələbə münasibətilə təbrik edib.
“Bu seçki Kyriakos Mitsotakis üçün böyük qələbədir. İqtisadi dönüş realdır və vətəndaşlar bunun davam etməsini istəyir. Bu uğurda əməyi olan hər kəsə, xüsusən də əziz dostum Kiriakosa afərin”, – Veber sosial şəbəkə hesabında yazıb.