Seçicilər Kollegiyası tərəfindən prezident vəzifəsinə seçilən Mixail Kavelaşvili Milli Bankın İdarə Heyəti tərəfindən Gürcüstan Milli Bankının prezidenti vəzifəsinə namizədliyi irəli sürülən Natia Turnavanı vəzifəyə təyin edib.
Milli Bankın yaydığı məlumatda bildirilir ki, Milli Bankın İdarə Heyəti bu gün keçirilən iclasda Natia Turnavanın MBQ-nin prezidentliyinə namizəd kimi irəli sürülməsi barədə qərarını yekdilliklə qəbul edib.
“Natia Turnava 2023-cü ilin iyun ayından Gürcüstan Milli Bankının birinci vitse-prezidenti və prezidentin səlahiyyətlərini icra edən vəzifələrdə çalışır. 2022-ci ilin iyun ayından Gürcüstan Milli Bankının İdarə Heyətinin üzvüdür.
İxtisasca iqtisadçıdır, Tbilisi Dövlət Universitetində iqtisad elmləri doktoru, Böyük Britaniyanın Cumbria Universitetində Biznesin idarə edilməsi üzrə magistr dərəcəsinə malikdir. Harvard Universitetinin Con Kennedi adına Hökumət Məktəbində, Birgə Vyana İnstitutunda (JVI) və digər institutlarda təhsil alıb. Tbilisidə bir neçə ali təhsil müəssisəsində müəllim olub.
Bu illər ərzində Natia Turnava həm dövlət, həm də özəl sektorda yüksək vəzifələrdə çalışıb. O, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri olub, ondan əvvəl isə nazirin birinci müavini olub. O, eyni zamanda Dövlət Tərəfdaşlığı Fondunun icraçı direktorunun müavini və Gürcüstan Beynəlxalq Enerji Korporasiyası MMC-nin baş direktoru və Direktorlar Şurasının sədri olub.
Maraqlıdır ki, Natia Turnava Gürcüstan Milli Bankının tarixində prezident vəzifəsini tutan ilk qadın olub”, – Milli Bankın yaydığı məlumatda qeyd olunur.