ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında bildirib ki, Birləşmiş Ştatlar Qəzza zolağına nəzarət yaradacaq və orada işlər görəcək.
“ABŞ Qəzzaya nəzarəti ələ keçirəcək və biz işi görəcəyik. Biz bütün təhlükəli partlamamış bombaların və digər silahların yerində sökülməsinə cavabdeh olacağıq və dağılmış binaları yığışdıracağıq. Bu ərazinin əhalisini qeyri-məhdud sayda iş və mənzillə təmin edən iqtisadi inkişaf yaradacağıq. Biz real iş görəcəyik” Tramp qeyd edib.
Suveren əraziyə nəzarət etmək üçün hansı səlahiyyətə malik olduğunu soruşduqda, Tramp aylardır bu məsələni diqqətlə öyrəndiyini bildirib.
“Mən uzunmüddətli sahiblik mövqeyini və bunun Yaxın Şərqin bu hissəsinə və bəlkə də bütün Yaxın Şərqə böyük sabitlik gətirəcəyini görürəm”, – Tramp qeyd edib.
O bildirib ki, illərdir Qəzza zolağı ölüm və dağıntı simvolu olub və insanların orada yaşamasının yeganə səbəbi alternativi olmamasıdır.
Tramp Fələstin xalqının Misir və İordaniyada yerləşdirilməli olduğunu və digər ölkələrin də fələstinliləri qəbul edəcəyini iddia edir.
ABŞ prezidenti deyib ki, “digər insanlar, çox varlı ölkələr tərəfindən verilən böyük məbləğdə pul” fələstinlilərə altı fərqli yerdə məskunlaşmaq imkanı verəcək.
Qəzza yenidən qurulduğunda sonda kimin yaşayacağı sualına Donald Tramp deyib ki, bura beynəlxalq bir yer olmalıdır.
“Məncə, orada dünya insanları, dünya insanları yaşayacaq”, – deyən ABŞ prezidenti əlavə edib ki, əhali dünyanın hər yerindən təmsil olunmalıdır. Tramp bildirib ki, Qəzza “Yaxın Şərqin Rivierası” olacaq.