This is a specific ad

20 Yanvar həm hüzn, həm də qürur günümüz

63

Another advertisement

20 Yanvar həm hüzn, həm də qürur günümüz

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi Azərbaycan xalqının öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli səhifəsidir.

Harada yaşamağımızdan asılı olmayaraq, 20 Yanvar faciəsini bir millət olaraq böyük ürək ağrısı, həm də şərəf və qürur hissi ilə qeyd edirik.

Bu gün, yanvarın 18-də Marneulidəki “Azərbaycan Evi”nin (icraçı direktor: Məhəbbət İmanov) təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar “Milli Dirəniş və Azadlığa gedən yol” adlı anım mərasimləri keçirilib.

Qafqaz Türk Media xəbər verir ki, M.İmanovun giriş sözü ilə başlayan anım mərasimində, əvvəlcə Azəbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Türkiyənin ölkəmizdəki səfirliklərinin nümayəndələri, Gürcüstan Azərbaycanlıları Konqresinin əməkdaşları, TİKA-nın və “Maarif Okulları”nın təmsilçiləri, QHT rəhbərləri, ictimai fəallar, gənclər və ziyalılar 9 Aprel və 20 Yanvar hadisələrini Gürcüstan və Azərbaycan xalqlarının qanlı faciəsi adlandırmaqla yanaşı, şanlı qəhrəmanlıq səhifəsi olduğunu da diqqətə çatdırıblar.

Çıxış edənlərdən: Kamil Əfəndiyev (səfirliyin məsul əməkdaşı), GMİ-nin şeyxi hacı Faiq Nəbiyev, Faruk Elşen “Maarif” okulları), ziyalılardan və bələdiyyə rəsmilərindən Kamran Xıdırov, Növrəstə Məhərrəm, Esmira Ələkbərli, Anar Piriyev, Rezo Həsənov, Sevda Şahverdiyeva, Fatma Aslan (Əliyeva), Raul Əliyev və başqaları ürək sözlərində bildirdilər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusunun və xüsusi təyinatlı birləşmələrinin, habelə daxili qoşunların kontingentinin Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarına yeridilməsi nəticəsində dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı amansız qırğınlar törədilib. Hərbi təcavüz nəticəsində 147 dine sakin həlak olub, 744 nəfər ağır yaralanıb, 4 nəfər isə itkin düşüb.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, Azərbaycan xalqı qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu.

Sözsüz ki, Azərbaycan var olduqca bu tarixi gün hər zaman ümumxalq hüzn günü kimi qeyd olunacaq. Lakin 20 Yanvar həm də Azərbaycan xalqının bütün sonrakı qələbələrinin başlanğıcı oldu.

Anım mərasiminin sonunda məktəb şagirdləri şəhidlərə həsr edilmiş seirlər səsləndirdilər.

Biz, Gürcüstan Azərbaycanlıları KonqresiQafqaz Türk Media ailəsi olaraq,  “Azərbaycan Evi”nə, şəxsən Məhəbbət İmanova və əməy keçən hər kəsə təşəkkürümüzü bildiririk!

Şəhidləri dərin hörmət və ehtiramla, sonsuz minnətdarlıqla yad edirik!

Allah bütün şəhidlərə rəhmət eləsin!

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Liftdə güzgü olmasının əsl səbəbini bilirsiniz?
Öncəki yazı
Şəhidlər ölməz, Vətən bölünməz!