Afrikada saxlanılan Azərbaycan gəmilərindəki azərbaycanlıların ailələri ilə əlaqə yaratmaq üçün köməklik göstərilir.
“Eritreyada saxlanılan hər gəmidə 6 azərbaycanlı dənizçi olmaqla 18 heyət üzvü olub”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Azərbaycanın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, gəmilərin məxsus olduğu “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı ilə mütəmadi danışıqlar aparılır.
“Şirkətdən bildirilir ki, gəmilərlə hər gün əlaqə saxlanılır, gəmilər vaxtı-vaxtında ərzaqla və digər tələbatlarla təmin edilir, heyətin ailələri ilə rabitə əlaqəsi üçün müvafiq köməkliklər göstərilir”.
Qeyd edək ki, şirkətdən verilən məlumata əsasən, sözügedən gəmilər Eritreya dövlətinin ərazi sularına hava şəraitinin kəskin dəyişməsi səbəbindən daxil olub.
“7 noyabr 2024-cü il tarixində “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3″ gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib”.
Keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb:
“Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan Respublikasının vətəndaşıdır.
Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklər vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.
Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir”- deyə məlumatda bildirilir.