This is a specific ad

Qazax Müəllimlər Seminariyası Gürcüstandakı Azərbaycandilli məktəblər üçün kadr hazırlayacaq – ƏTRAFLI

88

Another advertisement

Qazax Müəllimlər Seminariyası Gürcüstandakı Azərbaycandilli məktəblər üçün kadr hazırlayacaq.

QafqazTürk xəbər verir ki, bu barədə Gürcüstanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında qeyd edib.

Emin Əmrullayev bildirib ki, Gürcüstan tərəfi ilə aparılan müzakirələrdə Gürcüstandakı Azərbaycandilli məktəblərdə və azərbaycandakı gürcüdilli məktəblərdə dərsliklərin inkişafı ilə əlaqədar məsələlər müzakirə olunub.
“Ümumi razılaşma budur ki, xüsusilə də dərsliklərin məzmunu və uyğunlaşdırılması məsələsində əməkdaşlıq genişləndirilməli və daha da inkişaf etdirilməlidir. Gürcüstanda yaşayan soydaşlarımızın öz dillərini, mədəniyyətlərini və kimliklərini daha yaxşı öyrənməsi və əxz etməsi baxımından məktəbin rolunun artırılması və azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyası baxımından gürcü dilini öyrənməsi – hər iki hədəfə çatmaq ümumi məqsəd qəbul edilib. Müəllim hazırlığı məsələsini ayrıca müzakirə etdik. ADA universiteti tərəfindən Qazax Müəllimlər Seminariyasının bərpasından sonra orada yaradılmış şəraitlə bağlı həmkarlarımıza məlumat verdik. İnanırıq ki, həmin müəssisə həm də Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli məktəblərin təhsilverənləri üçün yaxşı imkanlar açır”.

Nazir həmçinin qeyd edib ki, tərəflər müəllim hazırlığı ilə bağlı birgə proqramların həyata keçirilməsi haqqında fikir mübadiləsi ediblər.

“Eyni zamanda, birgə proqramların və ikili proqramların həyata keçirilməsini müzakirə etdik. Xüsusilə də müəllim hazırlığı sahəsində, çünki hazırda Azərbaycanda və Gürcüstanda müəllim hazırlığı proqramları bir-birindən fərqlidir. Bu istiqamətdə ortaq nöqtəyə gəlməyin vacib olduğunu həmkarımla müzakirə etdik. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən gürcüdilli məktəblərin də müəllim heyəti üçün müvafiq təlimlərin keçilməsini vacib hesab edirik”, – Emin Əmrullayev qeyd edib.

Sonrakı yazı
Ermənistan naziri “Ararat” konyakının Rusiyaya tədarükünün dayandırıldığını açıqlayıb
Öncəki yazı
Paşinyan: “Rusiya prezidentinin vasitəçiliyi ilə İlham Əliyevlə danışıqlar mayın 25-də aparılacaq”