“Biz ölkənin daha dərin qütbləşmə və böhran yoluna getməsindən narahatıq. Demokratik institutlara ictimai inamı bərpa etmək üçün Gürcüstanın təcili olaraq böhrandan çıxış yoluna ehtiyacı var”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Şimali və Baltikyanı ölkələrin (Danimarka, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveç) xarici işlər nazirlərinin birgə bəyanatında deyilir.
“Biz Gürcüstandakı vəziyyətdən ciddi narahatıq. Biz 26 oktyabr parlament seçkilərindən əvvəl və seçkilər zamanı müşahidə edilən pozuntuların hərtərəfli və qərəzsiz araşdırılmasını tələb edir, dinc nümayişçilərə, siyasətçilərə və media nümayəndələrinə qarşı zorakılıq və hədə-qorxuları pisləyir, prezident Zurabişviliyə qarşı yönəlmiş təhdidləri pisləyirik”, – deyə bəyanatda bildirilir.
Skandinaviya və Baltikyanı ölkələr Gürcüstan hakimiyyətini böhrandan çıxmaq üçün təcili addımlar atmağa, o cümlədən ATƏT-in seçki tövsiyələrini yerinə yetirməyə və bu tövsiyələr əsasında yeni seçkilərin keçirilməsi imkanını nəzərdən keçirməyə çağırır.