This is a specific ad

Marneulidə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir baş tutub

55

Another advertisement

Marneulidə yerləşən “Azərbaycan Evi”ndə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev – Gürcüstan azərbaycanlıları” adlı tədbir keçirilib.

QafqazTürk.com xəbər verir ki, “Azərbaycan Evi”nin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutan tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirlik əməkdaşları, Azərbaycan Diasporuna Dəstək Fondunun və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, həmçinin SOCAR şirkətinin nümayəndələri, bələdiyyə deputatları, elm və ictimaiyyət adamları iştirak ediblər.

Tədbir ilk öncə Gürcüstan və Azərbaycan dövlətlərinin himnlərinin səslənməsi ilə başlayıb.

Daha sonra giriş sözü ilə mərasimdə çıxış edən “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, bu ilin “Heydər Əliyev İli” elan edildiyini bildirib, bununla əlaqədar dünyanın hər yerində olduğu kimi, Gürcüstanda da silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, ümummilli lider Heydər Əliyev tarixi yaşamış və yaradan, dünyanın dəyəri olan böyük şəxsiyyət kimi, eyni zamanda dünya Azərbaycanlılarının da əbədi yaşar liderinə çevirilib.

Sonra Heydər Əliyevin daxili və xarici uzaqgörən siyasətindən, həmçinin dünya azərbaycanlıları ilə görüşlərindən bəhs edən film nümayiş olunub.

Tədbirin davamında Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktor müavini Şahin Camalov, Səfirliyin müşaviri Eldar Bayramov, Tika-nın Gürcüstan Nümayəndəliyinin rəhbəri Tuba Özütok, Marneuli Bələdiyyəsinin sədr müavini Rövşən İsgəndərov, SOCAR-ın Gürcüstan Nümayəndəliyinin əməkdaşı Mirzə Süleymanov, Keçmiş Qubernator Levan Mamaladze, keçmiş parlament deputatı, Hidayət Hüseynov, Prezidentin keçmiş müşaviri Mübariz Qarayev və digər qonaqlar çıxış edərək bildiriblər ki, Ulu Öndər Heydər Əliyev istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Gürcüstanla münasibətlərə xüsusi diqqət yetirib. Qeyd olunub ki, dahi siyasətçinin rəhbərliyi və təşəbbüsü ilə Gürcüstanda yaşayan soydaşlarımızın sosial rifah halının yaxşılaşması istiqamətində mühüm addımlar atılıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan ərazisindən keçməsi də onun uzaqgörən siyasətinin nəticəsidir.

Mərasimdə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Alyans” Gənclər Mərkəzinin layihəsi əsasında gürcü dilində dərc olunmuş “Heydər Əliyev – 100” kitabı da gələn qonaqlara təqdim edilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Şəfəq Binnətova da iştirak edib.

Qeyd edək ki, tədbirin ikinci hissəsində Azərbaycan xalqına məxsus milli rəqs və musiqilər təqdim olunub.

Sonrakı yazı
BÜRCLƏR – 15.05.2023
Öncəki yazı
Türkiyə seçkilərində son rəqəmlər: Ərdoğan liderdir