This is a specific ad

“Qarabağ”ın 10-cu uğuru

51

Another advertisement

QafqazTürk xəbər verir ki, Dünən Bayıldakı “ASCO Arena”da “Səbail”i üç cavabsız topla üstələyən “Qarabağ” 10-cu çempionluğunu bayram etdi. Düzdür, “köhlən atlar”ın növbəti dəfə çempion olacağına çox az adam şübhə edirdi. Qalırdı bu çempionluğu rəsmiləşdirmək. Bu rəsmiləşmə də “Səbail”lə oyundan sonra reallaşdı. Finişə iki tur qalmış “Qarabağ” ikinci pillədə gedən “Sabah” üçün əlçatmaz oldu. Digərləri üçün isə çoxdan əlçatmaz idi

Maraqlıdır ki, “köhlən atlar” bu mövsümün geridə qalan oyunlarında yeganə məğlubiyyətini də elə “Sabah”dan alıb. “Qarabağ”ın “Sabah”la digər oyunları da yetərincə gərgin və maraqlı keçirdi. Murad Musayevin çalışdırdığı komanda bu mövsüm “Qarabağ”a layiqli rəqib olmağı bacardı. Digərlərinin “Qarabağ”la müqayisə edilməsi üçün hansısa məqam tapmaq xeyli çətindir. Misal üçün, üçüncü yerin sahibi “Neftçi”nin bu mövsüm “Qarabağ”dan cəmi bir xal qopara bildiyini qeyd edək. Qalan üç görüşdə Ağdam təmsilçisi “ağ qaralar”ı məğlub edib. Komandaların öz aralarındakı oyunlardakı top fərqi də “Neftçi” üçün acınacaqlıdır. “Köhlən atlar” bu mövsüm “Neftçi”nin qapısında düz 12 top vurmağı bacarıblar. “Neftçi” isə bu qolların cəmi dördünə cavab verib. Yəni, üç dəfə az.

“Zirə” “Qarabağ”a qarşı keçirdiyi dörd oyunun ikisində uduzmamasıyla öyünə bilər. Amma iş ondadır ki, qalan iki oyunun birində qəsəbə təmsilçisi “Qarabağ”a 1:7 hesabıyla məğlub olmuşdu. Özü də doğma meydanda.

“Sumqayıt”la “Turan Tovuz”un “Qarabağ”dan xal alıb-almayacağını demək çətindir. Bununla belə bir şey dəqiqdir ki, “Sabah”ın “Qarabağ”dan qopardığı 4 xallıq hədd keçilməyəcək. Çünki hər iki komanda bu mövsüm “Qarabağ”ı büdrətməyi bacarmayıb, hər üç oyunda meydanı xalsız tərk ediblər. 

Bu əzici üstünlüyün fonunda “Qarabağ”ın çempionluğunu sona iki tur qalmış rəsmiləşdirməsi də bir az qəribə görünür. Amma bu da səbəbsiz deyil. “Qarabağ”ın futbolçularının böyük əksəriyyəti milli komandaların üzvüdü, çempionata fasilə veriləndə onlar millinin düşərgəsinə yollanıb. Bunun da üzərində avrokubok oyunlarının sıx qrafikini gələndə fiziki yorğunluğun, müəyyən büdrəmələrin də qaçılmaz olduğunu görürük.

Qurban Qurbanovun və “Qarabağ” azarkeşlərinin üzünü güldürən sevindirici məqamlardan biri də komandanın məhsuldarlığıdı. Rəqib qapılarına 87 dəfə yol tapan “köhlən atlar” Misli Premyer Liqasının ən məhsuldar komandasıdır. Heç də təəccüblü deyil ki, “Qarabağ” hamıdan az top buraxıb. Rəqiblər 34 oyunda “Qarabağ”ın qapısına cəmi 22 dəfə yol tapa biliblər. Özü də bu fakt Şahruddin Məhəmmədəliyevin zədə səbəbindən mövsümün əhəmiyyətli hissəsini buraxmasının, “Qarabağ”ın qapıçısız qalması ilə bağlı müəyyən narahatçılıqların yaşanmasının fonunda qeydə alınıb. 

Qurban Qurbanovun sərəncamında Azərbaycanın iki ən məhsuldar hücumçusu da var. Premyer Liqanın qolçularının siyahısına 22 qolla Ramil Şeydayev başçılıq edir. Onu izləyən isə Qurbanovun oğlu Musadır. Gənc hücumçu bu mövsüm rəqibləri 20 dəfə məyus etməyi bacarıb. Qalan iki oyunda bu sayın artması da xeyli realdır.

Bütün bu məqamlar, statistikalar “Qarabağ”ın layiqli çempion olmasının göstəricisidir. Çempionluğa gedən yol heç də asan və hamar olmasa da, “köhlən atlar” zəfər yürüşünü uğurla sonlandırmağı bacardılar. Bu uğurda isə Qurban Qurbanovun, futbolçuların və klub rəhbərliyinin böyük payı var. “Qarabağ” cameəsi saat mexanizmi kimi dəqiq işləyən klub strategiyası qurub və bu strategiyanın mükafatı həm daxili çempionatda, həm də avrokuboklarda qazanılan uğurlardır. 

Davamını Çempionlar Liqasında gözləyirik!

Kateqoriya: İdman
Sonrakı yazı
“Razılaşmaların həyata keçirilməsi Cənubi Qafqazda nizamlanmaya aparan yoldur” – Peskov
Öncəki yazı
Türk futbolçu “Barselona” ilə anlaşdı