Noyabrın 7-də Ermənistanda “Ermənistan-İran: əməkdaşlıq və yeni perspektivlər” adlı üçgünlük konfrans keçirilib.
İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin konfransdan sonra açıqlamasına görə, İran, Hindistan və Ermənistan arasında üçtərəfli görüşlə bağlı üç ölkə arasında nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsinə dair razılıq əldə olunub.
İranın Ermənistandakı səfirinin sözlərinə görə, nəqliyyat dəhlizi layihəsi hər üç ölkənin maraqlarına uyğundur və bu layihənin həyata keçirilməsinə heç bir maneə yoxdur.
Onun bəyanatına görə, saziş artıq hazırdır, indi onun başlama vaxtını müəyyən etmək lazımdır.
Hindistan və Fars körfəzi ölkələrindən yüklər nəqliyyat dəhlizi ilə Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı bazarlarına daşınmalıdır. Logistika zənciri Hindistanın Mumbay liman şəhərindən başlamalı, daha sonra İranın Çabahar limanına çatmalı, oradan Ermənistan və Gürcüstan vasitəsilə qərb və ya şimal bazarlarına çatmalıdır.
Xüsusilə, layihəyə əsasən, Gürcüstandan yüklər iki istiqamətdə aparılacaq: ya Lars gömrüyü ilə Rusiyaya, ya da Bolqarıstan limanları vasitəsilə Avropaya.
Səfirin sözlərinə görə, bu nəqliyyat dəhlizində Ermənistan Fars körfəzini Qara dənizlə birləşdirən həlqə kimi qəbul edilir.