Gürcüstanın ictimai müdafiəçisi Levan İoseliani Qardabani bələdiyyəsinin Nəzərli və Kosalı kəndlərində olub, elektron texnologiyalardan istifadə etməklə səsvermə prosesi ilə tanış olub.
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Xalq Müdafiəçisinin ofisi yayıb.
Ofisin məlumatına görə, ictimai müdafiəçi seçicilərlə, seçki administrasiyasının nümayəndələri və müstəqil müşahidəçilərlə də görüşüb söhbət edib.
“Yerlərdə aparılan müşahidələrə və daxil olan məlumata görə, indiki mərhələdə kəndlərdə seçkilər sakit mühitdə keçirilir. İctimai müdafiəçi parlament seçkilərinin sivil şəraitdə, həddi aşmadan və fiziki qarşıdurma olmadan keçəcəyinə ümid etdiyini bildirib. Eyni zamanda, xalq müdafiəçisi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əgər onların seçki hüququ pozularsa və ya bu hüquqların məhdudlaşdırılmasından xəbərdar olarsa, 1481 nömrəli “Qaynar xətt” vasitəsilə Xalq Müdafiəçisinin ofisinə müraciət etsinlər”,- məlumatda deyilir.