Üç ilə yaxındır ki, Rusiya-Ukrayna müharibəsi davam edir. Müharibə müddətində müxtəlif ölkələr hər iki tərəfə dəstək verməkdə davam etsə də hələ də yekun nəticə əldə edilməyib. Öz növbəsində Almaniya və İsrailin hər zaman Ukraynaya dəstək verməkdən yayındığının şahidi olmuşuq.
İsrail-Almaniya-Rusiya arasındakı gizli-aşkar anlaşmanın olduğu haqda fikirlər var. Almaniya Ukraynaya silah, hərbi texnika yardımından hər zaman yayınıb. İsrail də Kiyevə dəstək vermədi demək olar savaş müddətində. İndi isə İsrail Almaniyanın aşkar dəstəyini tələb edir. İsrail xarici işlər naziri İsrail Katz deyib:
“Ümid edirəm ki, Almaniya İsrailə lazım olanı verəcək. Açıq şəkildə deyə bilərəm ki, Almaniyaya təxminən 4,5 milyard avro dəyərində Dəmir Qübbə sistemi satırıq. Bu, çox vacibdir və biz Almaniyaya lazım olanı veririk”. Nazirin sözlərinə görə, Almaniya İsrailə dəstəyə və təhlükəsizliyinə görə cavabdehdir.
Bu maraqlı konfiqurasiya ənənəvi Qərb həmrəyliyinə qarşıdır, yoxsa ortada başqa hədəf və maraqlar, gizli anlaşma var? Xatırladaq ki, Almaniya Rusiya qazının ən böyük müştərisidir və hələ də ordan qaz alır.
Siyasi şərhçi Taleh Əliyev deyib ki, İsrail, Almaniya və Rusiya arasında hər hansı gizli anlaşma yoxdur:
“Rusiya silahlı qüvvələri tərəfindən Ukraynaya qarşı həyata keçirilən işğalçılıq siyasətini Almaniya və İsrailin dəstəklədiyini demək olmaz. Doğrudur, ABŞ, Böyük Britaniya və Fransanın Rusiyanın Ukraynada apardığı işğalçılıq siyasətinə qarşı Kiyevə kifayət qədər dəstək verdiyi halda Almaniyanın belə addım atmasının şahidi olmuruq. Lakin diqqət yetirilməlidir ki, Almaniyanın keçmiş kansleri Angela Merkelin dövründə Rusiya ilə münasibətlər daha isti vəziyyətdə idi. Avropada rus qazının əsas alıcısı Almaniya olduğu üçün iqtisadi maraqlar müharibənin ilk illərində bu iki ölkə arasında bir o qədər də gərgin deyildi. Lakin Ukrayna müharibəsinin irəliləyən zamanlarında Olaf Şoltsun kanslerliyi müddətində Almaniyanın həm Ukraynaya irimiqyaslı maddi dəstək verdiyinin, həm də Berlin tanklarının yenidən Rusiya torpaqlarında olduğuna dair Qərb mətbuatının yaydığı xəbərlərin şahidi olduq”.
Siyasi şərhçinin sözlərinə görə, İsrailin Ukrayna müharibəsinə birbaşa dəstək verməməsinin səbəbi Yaxın Şərqdə proksi qüvvələrin təzyiqindən narahat olmasıdır:
“Suriyada Rusiyanın kifayət qədər hərbi donanması, hərbi hava qüvvələri, müdafiə sistemləri mövcuddur. İsrail özünün təhlükəsizliyini təhdid edən halların yaranmasını istəmir. Ona görə də Ukrayna cəbhəsində digər Qərb ölkələri qədər aktiv deyildi.
İsrailin Almaniyadan dəstək tələb etməsinin də müəyyən səbəbləri var. Hər iki ölkənin Qərb blokunda yer alması, ABŞ-ın ən yaxın müttəfiqləri olması, İkinci Dünya müharibəsində də Almaniya faşist rejimi tərəfindən yəhudi xalqına qarşı törədilmiş qətliamlar fonunda bu gün İsrailin Almaniyadan dəstək istəməsi başadüşüləndir. Yaxın günlərdə rəsmi Berlinin mövqeyinin şahidi olacağıq”.