This is a specific ad

“Borçalı xalçaları” haqqında bilmədiklərimiz…

304

Another advertisement

“Borçalı” xalçaları — Gəncə–Qazax tipli Qazax qrupuna daxil olan Azərbycan xovlu xalçalarıdır. Xalçaların adı Azərbaycanın Qazax rayonundan şimal-qərbdə yerləşən Borçalının adı ilə bağlıdır. Regionun Marneuli bələdiyyəsinin Qurdlar, Qaçağan, Sadaxlı, Daştəpə və Qaraçöp mahalının Ləmbəli kimi iri kəndləri bu xalçaların əsas toxunma yeri olmuşdur. 

Sənətşünas və xalçaçı Lətif Kərimov qeyd edir ki, Borçalının  indiki əhalisi Cənubi Azərbaycanın Sulduz rayonu ərazisində yaşamış Bozçalı adlı böyük tayfanın törəmələridir. Səfəvi hökmdarlarının göstərişinə əsasən bu tayfa yaşadığı ərazidən köçürülərək Qazaxın şimalında, Gürcüstan ərazisində yerləşdirilmişdi. Bu tayfa həm də Qarapapaqlar adı ilə məşhurdur. Qazaxın üç kilometrliyində yerləşən Papaqlı, həmçinin, Qazaxdan şimalda yerləşən Qardabani (Qarayazı)Qaraçöp adlı xalçaçılıq məntəqələrinin adı da bu tayfanın adı ilə bağlıdır.

Kərimov qeyd edir ki, bu regionun əhalisi, Cənubi Azərbaycanın Təbriz, Ərdəbil, Sərab və Qaradağ, xüsusilə Urmiya gölü ətrafında yerləşən Ərək, Bicar, Sənnə və Fərəhan kimi yaşayış məntəqələri əhalisinin xalçaçılıq ənənələrinin davamçıları olmuşlar. Onlar Gəncə xalçaçılıq məktəbinin təsiri altına düşərək daşıyıcısı olduqları ənənələri daha da inkişaf etdirmişlər. Bu iki xalçaçılıq məktəbinin təsiri ilə Qardabani, Qaraçöp, Ləmbəli və s. yaşayış məntəqələrində də xalçaçılıq ənənələri formalaşmışdır.

Bədii strukturundan asılı olaraq, “Borçalı” xalçaları bir neçə varianta malikdir. Borçalı xalçalarının ornamental motivlərində totemlərmifoloji inamların təsirlərini görmək mümkündür. Bir zamanlar dini-mistik əhəmiyyət daşıyan motivlər, nəsildən-nəsilə keçərək dövrümüzə çatmışdır.

1. Birinci şəkildə toxunan “Borçalı” xalçaları yerli toxucular tərəfindən “Çobankərə” adlandırılır. Bu xalçaların mərkəzi oxunda şaquli yerləşmiş iki sayda səkkizguşəli göl, həmçinin mərkəzi gölün dörd tərəfindəki ağac təsvirləri kompozisiyanın strukturunu formalaşdırır. Bu göllərin içində həndəsi formaya malik və eyni zamanda antropomorf (insanabənzər) obraz kimi qavranılan müəmmalı bir fiqur yerləşdirilir. Bəzi xalçalarda isə quş, dəvə təsvirləri və “məktəb ocağı” elementi də olur

İkinci şəkildə toxunan xalçalar Qazaxda daha çox “Fərəhli”, Gürcüstanda isə “Qurbağaoğlu” və ya “Qurbağalı” adları ilə tanınmışdır. Bu cür xalçaların ən çox istehsal edildiyi yerlərdən biri də Marneulinin 12 km cənub-şərqində yerləşən Gorarxı (Gavurarx) kəndidir. Bu variantda toxunan xalçaların kompozisiyaları müxtəlifdir. Bəzi xalçalarda ara sahədə bir-birinin ardınca göləbənzər elementlər yerləşir. Bu elementlər dörd ulduzabənzər şüası olan və transformasiya edilmiş çoxbucaqlıdan yaranır. Göllərin daxilində üslublaşdırılmış zoomorf fiqurlar simmetrik şəkildə yerləşdirilir.

Üçüncü şəkildə “Borçalı” xalçaları yerli toxucular və el arasında “Ziynətnişan” xalçaları və ya “Zeyvənişan” xalçaları adı ilə tanınmışdır. Bu xalçalar Marneuli bələdiyyəsi mərkəzinin şimal-qərbində yerləşən Qızılca və ya Qızılhacılı kəndində istehsal olunmuşdur. Xalçanı fərqləndirən əlamət kompozisiyanın mərkəzində yerləşən və şaquli istiqamətdə uzanmış iri xaçabənzər medalyondur. Medalyonun daxilində kvadrat göl yerləşir. Onun yuxarı və aşağı xətti şaquli istiqamətdə bir az dartılaraq piramida şəkilli çıxıntılar əmələ gətirir. Daxili sahə, öz növbəsində iri, cüt-cüt qarmaqşəkilli xətlərlə doldurulmuşdur.

Dördüncü şəkildə toxunan xalçaları yerli xalçaçılar və yerli sakinlər arasında “Ləmbəli” xalçaları adlandırılırdı. Bu xalçaların ara sahəsinin mərkəzində yerləşən göllər aşağıdakı qayda üzrə qurulur. Mərkəzdə iri səkkizbucaqlı göl yerləşir. Onun yuxarı və aşağı cinahında kiçik ölçülü medalyonlar təsvir olunur. Bütün medalyonların ətrafı boyunca bir sıra qarmaqşəkilli elementlər toxunmuşdur. Gölün mərkəzində “çanaxlı bağa” — tısbağa və yastılaşdırılmış qurbağanın çox üslublaşdırılmış təsviri yerləşir. Bəzən bu üsulla toxunmuş xalçaların orta sahəsində üç sayda eyni tipli göl yerləşir.

Qeyd edək ki, “Borçalı” xalçaları müxtəlif ölçü və formalarda ola bilər. Ləmbəli xalçaçılıq məntəqəsində nisbətən böyük xalçalar toxuyurlar. Bu xalçalarda bir kvadrat desimetrdə ilmələrin sıxlığı 30×30 ilmədən 35×35 ilməyə qədər olur. Bir kvadrat metrdə olan ilmələrin sayı 80 min ilmədən 120 min ilmə arasında dəyişir. Xovunun hündürlüyü 8–12 mm-dir.

 

 

 

Sonrakı yazı
Türkiyə ordusu son bir həftədə 45 terrorçu zərərsizləşdirib
Öncəki yazı
Zaxarova- Azərbaycan erməni qaçqınların geri qayıtması üçün hər cür şərait yaradıb