Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifət ilə məsləhətləşmələrin yeni mərhələsinə başlayır. Seçkilərə 20 gün qalmış, Dövlət başçısı qərar verib ki, təsis etdiyi və hökumətə müxalifət olan “Gürcü Xartiyası”nı imzalayan partiyalara onun tərəfindən seçilən Baş nazirliyə namizədi təklif etsin.
QafqazTürk Media xəbər verir ki, Zurabişvili bu barədə TvPirveli telekanalına müsahibəsi zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, onun seçdiyi namizədin siyasi keçmişi yoxdur.
Müxalifət partiyalarına təklif edəcəyi namizədin adını açıqlamayan Salome Zurabişvili bildirib ki, “Gürcü Xartiyası”nın nizamnaməsində yazılıb ki, müxalifət partiyaları Baş nazir postuna namizədi onunla məsləhətləşərək seçməlidirlər.
“Mənim artıq namizədim var. İndi sizə deməyəcəyəm, çünki əvvəlcə partiyalarla məsləhətləşmələr aparılmalı və razılıq əldə edilməlidir. Bir şeydə əminəm ki, bu gün hökuməti elan etməliyik, seçici əvvəlcədən kimlərin olacağını bilməlidir və bu şəxslər yüksək səviyyəli peşəkarlar olmalıdırlar. Bazar ertəsi partiyalarla görüşlər keçirmək niyyətindəyəm çünki seçkilərə olduqca az vaxt qalıb və konkret namizədlərlə bağlı danışıqlara başlamalıyıq” , – deyə Salome Zurabişvili qeyd edib.