Qripə qarşı peyvənd oktyabrın ikinci yarısından pulsuz olacaq
Oktyabrın 15-dək ölkəyə 200 min doza pulsuz qrip peyvəndi gələcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktor müavini Paata İmnadze bildirib.
Onun sözlərinə görə, dövlət proqramı çərçivəsində peyvəndlərə oktyabrın ikinci yarısından başlanılacaq.
“Bizdə qrip mövsümü noyabrın sonundan başlayır və may ayına qədər davam edir, ona görə də peyvənd üçün ən yaxşı vaxt oktyabrın sonu, noyabrın birinci yarısıdır”, – İmnadze bildirib.
Mövsümi qrip peyvəndi bu qruplara şamil edilir: diabetli insanlar; dializ keçirən şəxslər; Hepatit C (yalnız müalicə zamanı), HİV infeksiyası/AİDS olan insanlar; orqan transplantasiyası və kistik fibroz olan şəxslər; uşaq (o cümlədən kiçik ailə tipli) və qocalar üçün sığınacaqların benefisiarları və onların heyəti; hamilə qadınlar; 60 və daha yuxarı yaşlı insanlar; ümumi təhsil müəssisələrinin (məktəblərin) müəllimləri; Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzarətində olan publik hüquqi şəxslər; bələdiyyə əhalinin sağlamlığının mühafizəsi mərkəzlərinin işçiləri; səhiyyə işçiləri; baytarlıq və ətraf mühitin mühafizəsi sahəsində çalışan kadrlar; Müdafiə, Təhlükəsizlik və Fövqəladə Hallara Qarşı Mübarizə Xidmətinin əməkdaşları; cəzaçəkmə müəssisəsində çalışan işçi heyəti; Daxili İşlər Nazirliyinin əməkdaşları.