Rustavidə Daşkənd küçəsinin reabilitasiya layihəsi son mərhələdədir. İnfrastruktur layihəsi çərçivəsində 570 metr uzunluğunda yol hissəsi əsaslı şəkildə yenilənib, hazırda ikinci qat asfalt örtüyü salınır, yeni piyada səkiləri, parkinq yerləri, yeni drenaj şəbəkəsi, çöl işıqlandırması və suvarma sistemi təşkil edilib.
QafqazTürk Media xəbər verir ki, Rustavinin meri Nino Latsabidze Gürcüstan parlamentində Rustavinin çoxluq təşkil edən deputatı İrakli Şatakişvili ilə birlikdə Daşkənd küçəsinin abadlaşdırılması prosesi ilə tanış olub.
“Daşkənd küçələrinin abadlaşdırılması layihəsi bizə yeni yaşıllıq sahələri təşkil etmək imkanı verdi. Sözügedən küçəyə yeni işıqlandırma və suvarma sistemləri çəkilib, magistralın bir hissəsi genişləndirilib ki, bu da burada yaşayan sakinlərin daimi problemi olub. Layihə başa çatdıqdan sonra şəhərimizə daha bir Avropa stilində, müasir küçə əlavə olunacaq”, – deyə Rustavi meri Nino Latsabidze bildirib.
Daşkənd küçələrinin abadlaşdırılması layihəsi çərçivəsində velosiped zolaqlarının, yaşıllıq zolaqlarının və yeni bələdiyyə nəqliyyat dayanacaqlarının salınması planlaşdırılır.
“Rustavidə yol infrastrukturu fəal şəkildə təmir olunur. Daşkənd küçəsinin abadlaşdırılması layihəsi də tamamlanma mərhələsindədir. Xüsusilə vurğulamaq lazımdır ki, Rustavidə təkcə mövcud yollar bərpa olunmur, eyni zamanda şəhərimizə bir neçə küçə və mikrorayonları birləşdirən yeni yollar da əlavə olunur”, – deyə majoritar deputat İrakli Şatakişvili bildirib.
Qeyd edək ki, bu il Rustavidə 39 məntəqədə müxtəlif yol işləri aparılıb. Bərpa olunan yol infrastrukturunun ümumi sahəsi təxminən 100 000 kv/m-dir. Hazırda səkkiz müxtəlif küçədə yol infrastrukturunun bərpası davam etdirilir.