Gürcüstanın ədliyyə naziri Avropa Şurasının Süni intellekt haqqında Konvensiyasını imzalayıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, bu, süni intellekt sistemlərinin istifadəsi ilə insan hüquqlarının müdafiəsi arasında balansın təmin edilməsinə yönəlmiş ilk beynəlxalq və məcburi sənəddir. Sənəd hüquqi baza yaradır və müqavilə bağlayan dövlətlərdə süni intellektdən istifadəyə əsaslanmalı olan əsas prinsipləri müəyyən edir. O, həmçinin süni intellektin istifadəsi kontekstində insan hüquqlarının təmin edilməsini hədəfləyir.
Rati Breqadzenin sözlərinə görə, Gürcüstan Ədliyyə Nazirliyinin prioriteti bir tərəfdən ədliyyə və xidmətlərin göstərilməsi sahəsində müasir texnologiyaların tətbiqi, digər tərəfdən isə müvafiq hüquqi tənzimləmələrin yaradılmasıdır. Texnologiyalardan və süni intellektdən istifadə insan hüquqlarının müdafiəsi standartlarına tam uyğundur. Bu məqsədlə yaxın vaxtlarda Ədliyyə Nazirliyində Süni İntellekt Hüquq Mərkəzi açılacaq.
Sözügedən konvensiyanı Gürcüstanla birlikdə Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Andorra, İslandiya, Norveç, İsrail, San Marino və Moldova təmsilçiləri imzalayıblar.