Oktyabrın 26-da Gürcüstanda həlledici parlament seçkiləri baş tutacaq. Səsvermə gününə yaxınlaşdıqca ölkədə siyasi mübarizənin, qütbləşmənin şiddətləndiyi müşahidə olunur. Mübarizə, əsasən, iqtidardakı “Gürcü Arzusu” partiyası ilə sabiq Prezident Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” arasında getsə də, kiçik partiyalar da koalisiyalarda birləşərək 5 faizlik baryeri keçməyə və parlamentə daxil olmağa çalışırlar.
Oktyabr seçkilərinin nəticəsi vacib geosiyasi mövqeyə malik Gürcüstanın daxili işi olsa da, müəyyən xarici dairələr bunu özünün regiondakı dayaqlarının qorunub saxlanması baxımından həlledici hesab edirlər. ABŞ və Avropa İttifaqı rəsmiləri mühafizəkar siyasi xəttə malik “Gürcü Arzusu” partiyasının hakimiyyətdən getməsində maraqlı olduğunu aşkar şəkildə bəyan etməkdən çəkinmir. Qərb seçki ərəfəsində hakim “Gürcü Arzusunun” nüfuzuna zərər vurulması məqsədilə dövlətə və hökumətə sosial layihələrə, müdafiə imkanlarının gücləndirilməsinə yönəldilən maliyyə yardımını dayandırıb, əvəzində bu vəsaitləri qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsinə yönəldilib. Bu təşkilatların mütləq əksəriyyəti isə hakimiyyət əleyhinə mübarizənin ön xəttində yer alanlardır. Gürcüstanın təhlükəsizlik orqanları artıq uzun müddətdir, Qərbdən maliyyələşən qruplardan bəzilərinin Tbilisidə iğtişaşlar planlaşdırdığını, hakimiyyəti zorakılıqla ələ keçirmək niyyətində olduğunu bəyan edir.
Qərbin Gürcüstanda hakimiyyətə daha itaətkar, xarici dairələrin maraqlarına xidmət edən qrupları iqtidara gətirməyə çalışdığını, bu məqsədlə qeyri-hökumət təşkilatlarına qanunsuz yollarla milyonlar ayırdığını bəyan edən hazırkı hökumət parlamentin bu ilin mayında qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin məhz ölkəyə qeyri-şəffaf maliyyə axınının, radikal qrupların maliyyələşdirilməsinin qarşısının alınması, ölkədə sülhün və sabitliyin qorunub saxlanılması məqsədi daşıdığı bildirir.
QHT-lərin fəaliyyətinə hər hansı məhdudiyyət tətbiq etməyən bu qanunun əsas tələbi qeyri-kommersiya təşkilatlarının ölkə xaricindən qəbul etdiyi vəsaitlərlə bağlı şəffaflığı təmin etməsi, hesabat verməsi və öz gəlirlərini bəyan etməsidir.
Qərb Gürcüstan hökumətini bu qanunu qəbul etməkdən çəkindirməyə çalışsa da, məqsədinə nail ola bilmədi.
ABŞ və Avropanın addımlarından belə qənaətə gəlmək mümkündür ki, onlar çıxış yolunu məhz Gürcüstanda hakimiyyət dəyişikliyində görür. Odur ki, seçkilərə müdaxilə artıq açıq müstəvidə həyata keçirilir.
Həm Gürcüstan daxilində, həm də ölkədən kənarda bir çox ekspertlər Qərbin seçkilərə müdaxilə cəhdlərinin Gürcüstan üçün olduqca böyük risklər törətdiyi qənaətindədir. Gürcü ekspert Badri Naçkebia qeyd edir ki, hazırda Gürcüstanda kifayət qədər ciddi qütbləşmə var və bu, ölkənin ictimai-siyasi sabitliyinə ciddi təhdiddir.
“Təəssüf ki, Gürcüstanda kifayət qədər ciddi qütbləşmə var. Seçki zamanı siyasi partiyalar əks siyasi mövqelərdə dayanırlar. Hakim partiya müxalifətin ciddi müqavimət göstərdiyi bir çox qanunu qəbul etdi. İndi müxalifət Qərb dəyərlərinə diqqət çəkilməsinin tərəfdarıdır. Ancaq hakim partiya bu dəyərlərin bəzilərinin Gürcüstanın maraqlarına zidd olduğunu bəyan edir. Bu gün ənənəvi dəyərlərin qorunub saxlanması gürcü reallığında çox vacibdir və “Gürcü Arzusu” bu yolla gedir. Düşünürəm ki, Qərb tərəfindən seçkilərə neqativ müdaxilələr olacaq, ona görə ki, Qərb hakim partiyanın qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanunu mənfi qiymətləndirir. Ona görə də biz seçkilərdə müdaxiləni gözləyə bilərik. Lakin hakim partiya buna hazırlıqlıdır və biz görürük ki, seçki öncəsi bir çox ciddi işlər görülür. Bundan başqa, hakim partiyanın ictimai dəstəyinin çox olduğunu müşahidə edirik, buna əsasən deyə bilərik ki, hakim partiya seçkilərdə qalib gələcək. Ümid edək ki, həm Avropa, həm də Gürcüstan hakimiyyəti konsensus əldə edər və seçkilər sakit mühitdə baş tutar. Bu həm Gürcüstanın, həm də Avropanın maraqlarına cavab verir”, – deyə ekspert vurğulayıb.