This is a specific ad

Parlamentdə “Cinayət Məcəlləsi” üçün nəzərdə tutulan dəyişikliklərə baxılır

345

Another advertisement

Parlamentdə “Cinayət Məcəlləsi” üçün nəzərdə tutulan dəyişikliklərə baxılır, buna əsasən konstitusiya quruluşu və təhlükəsizliyi əleyhinə olan cinayətlərdə təqsirləndirilən və məhkum olunmuş şəxslərin görüş, yazışma, telefon danışığı və digər hüquqları məhdudlaşdırılacaq.

QafqazTürk Media xəbər verir ki, layihə  “Gürcü arzusu” millət vəkillərinin təşəbbüsü ilə həyata keçirilir.

Sözügedən layihəyə sentyabrın 2-də keçiriləcək iclasda Hüquq Məsələləri Komitəsində baxılacaq, bundan sonra məsələ plenar iclasda müzakirəyə çıxarılacaq. Müzakirə ikinci oxunuşda – maddə-maddə keçiriləcək.

Konstitusiya quruluşuna və təhlükəsizlik əsaslarına qarşı cinayətlərdə təqsirləndirilən və məhkum olunmuş şəxslərin qısa və uzun görüşlərini, habelə yazışma və telefon danışıqları hüququnun məhdudlaşdırılmasını nəzərə alaraq, “Cinayət Məcəlləsinə” yeni norma əlavə edilir.

Qanun layihəsinə əsasən, dövlət təhlükəsizliyinə vurulan zərərin qarşısının alınması məqsədilə telefon danışıqlarına, qısamüddətli təyinatlara, uzunmüddətli görüşlərə, xüsusi və şəxsi vəziyyətlərə görə cəzaçəkmə müəssisəsini müvəqqəti tərk etmək hüququna məhdudiyyət qoyula bilər. Məhkumun video tanışlığı, həbsxanadan kənara qısamüddətli səfərləri də məhdudlaşdırıla bilər. Məhkum qadının qeyd olunan hüquqlarla yanaşı, ailəsinə baş çəkmək hüququ da məhdudlaşdırıla bilər.

Penitensiar müəssisənin direktoru qeyd olunan hüquqların məhdudlaşdırılması barədə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş məlumatlar və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəticəsində əldə etdiyi məlumatlar əsasında, habelə öz təşəbbüsü ilə qərar qəbul edir. Qanun layihəsinə görə, dövlət təhlükəsizliyi xidməti cəzaçəkmə müəssisəsinin direktoruna elə məlumat verməlidir və müəssisənin direktoru da həmin məlumatları öz qərarında elə əks etdirməlidir ki, dövlət sirri və dövlətin mənafeyi tam təmin olunsun.

Müvafiq maddələrlə təqsirləndirilən və məhkum edilmiş şəxslərin hüquqları üç ay müddətinə məhdudlaşdırıla bilər. Göstərilən müddət bitdikdən sonra məhdudiyyət ləğv edilir.

Bundan başqa, parlamentdə irəli sürülən qanun layihəsində hüquqların məhdudlaşdırılması müddətinin uzadılması da nəzərdə tutulur – layihəyə əsasən, cəzaçəkmə müəssisəsinin direktoruna hüquqların məhdudlaşdırılması haqda müvafiq əsaslara görə qərar qəbul etmə səlahiyyəti veriləcək.  Bu halda qeyd olunan hüquqlar hər dəfə üç aya qədər məhdudlaşdırıla bilər.

Qanun layihəsində təqsirləndirilən və ya məhkum edilmiş şəxsin hüquqlarının məhdudlaşdırılmasının hüquqi əsası artıq mövcud olmadığı halda hüquqların məhdudlaşdırılması haqqında qərara yenidən baxılması öhdəliyi də müəyyən edilib. Layihəyə görə, belə olan halda təqsirləndirilən şəxsin, məhkumun hüquqlarını məhdudlaşdıran qərar ləğv edilməlidir.

Qanun layihəsinin müəllifləri və təşəbbüskarları bunlardır: Aleksandre Tabatadze, Anri Oxanaşvili, Tengiz Şarmanaşvili, Gia Benaşvili, Resan Kontselidze, Davit Matikaşvili, Aluda Quduşauri, İrakli Şatakişvili, Aleksandre Dalakişvili, Levan Machavariani və Ketevan Charkviani.

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Alimlər özünü məhv edən “Canlı plastik” yaradıblar
Öncəki yazı
Avropa ölkələrinə səyahət edənlərin nəzərinə! – Bu gündən etibarən…