Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün orqanlarında iştirakını dondurub.
QafqazTürk Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Bilirsiniz ki, Ermənistan bütün səviyyələrdə KTMT-də iştirakını dondurub və biz bu qərarı indiki mərhələdə yetərli hesab edirik. Bu məqamda biz başqa qərar qəbul etməyi ehtiyac görmürük, lakin bu o demək deyil ki, başqa bir məqamda fərqli qərarın qəbulunu ehtiyac olaraq görməyəcəyik”, – deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından tam çıxacağı gün dəqiq bəlli deyil.
Xatırladaq ki, iyunun ortalarında Paşinyan Ermənistanın KTMT-dən çıxmağı planlaşdırdığını açıqlamışdı. Onun sözlərinə görə, İrəvan bunu lazım gördüyü zaman edəcək. Fevralda Paşinyan ölkənin KTMT-yə üzvlüyünün dondurulmasından danışıb, mayın əvvəlində isə Ermənistan hökuməti təşkilatı maliyyələşdirməyi dayandıracağını bəyan edib.