Bolnisi rayon məhkəməsi heyvanlara qarşı amansız rəftarla ittiham olunan A.G-ni təqdim edilən sübutlar əsasında günahkar olaraq tanıyıb.
Qafqaztürk Media xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb. Məhkəməyə təqdim olunan sübutlar təsdiq edib ki, təqsirləndirilən şəxs 2023-cü il dekabrın 6-da Marneuli bələdiyyəsinin Qaçağan kəndində iti çubuqla, şiddətlə döyüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi 2024-cü il yanvarın 9-da, həmin faktı əks etdirən videomaterialın sosial şəbəkədə yayılmasından sonra həbs ediblər. O, Gürcüstan Cinayət Məcəlləsinin 259-cu maddəsinin üçüncü hissəsi (heyvanla amansız rəftar, onun ölümünə səbəb olmaq) ilə ittiham edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Bolnisi rayon məhkəməsi təqsirləndirilən şəxsi Gürcüstan Cinayət Məcəlləsinin 259-cu maddəsinin birinci hissəsi (heyvanla amansız rəftar, onun şikəst olmasına səbəb olan) ilə təqsirli bilib və o 1 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Gürcüstan Prokurorluğu heyvanlara qarşı amansızlıqla törədilən cinayətlərlə bağlı ciddi cinayət-hüquq siyasəti həyata keçirir. Prokurorluğun təşəbbüsü ilə Cinayət Məcəlləsinin 259-cu maddəsinə əlavə edilməsi nəzərdə tutulan qanunvericilik dəyişiklikləri layihəsi hazırlanıb, bunun əsasında heyvanlara qarşı işgəncə və amansız rəftar cinayətlərinə görə cəza sərtləşdirilib.