This is a specific ad

Pezeşkiandan inqilabi ilk – Azərbaycan dili ilə bağlı

91

Another advertisement

İran prezidenti Məsud Pezeşkian ölkə konstitusiyasında qeyri-fars dillərin tədrisi ilə bağlı 15-ci maddənin həyata keçirilməsi istiqamətində ilk addımı atıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Pezeşkianın seçki qərargahı məlumat yayıb.

Bildirilib ki, bunun üçün “15-ci Prinsip Komitəsi” yaradılıb və doktor Cavad Miri komitənin rəhbəri təyin edilib.

Xatırladaq ki, 2009-2013-cü illər arasında İranın təhsil naziri olmuş Həmid Rza Hacıbabayi ölkədə məktəb şagirdlərinin 70 faizinin ana dilinin fars olmadığını bildirmişdi.

Millət vəkili Ceyhun Məmmədov sözügedən hadisəyə münasibətini bildirib, onun fikrincə, Pezeşkianın prezident seçilməsi təsadüfi deyil. O öz çıxışında ana dilinə münasibətin İranda ciddi problem yaratdığını vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə bu məsələyə toxunmuşdu. İrana beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər tərəfindən bu məsələ ilə bağlı ciddi təzyiqlər var. Bu artıq İran üçün başağrısına çevrilib. Ölkəyə ünvanlanmış ittihamlar, tənqidlər artmaqdadır. Pezeşkianın prezident seçilməsinə işıq yandırılmasının əsas səbəblərindən biri də budur. Çünki İran bununla dünyaya mesaj vermək istəyir ki, ölkədə heç bir millətə qarşı ayrı-seçkilik yoxdur. İranda yaşayan bütün millətlər bərabər hüquqa malikdirlər. İstənilən xalqın nümayəndəsi İranda prezident ola bilər.

Bu mənada Pezeşkianın belə bir addım atması müstəqil qərar deyil, İranın Ali dini lideri ilə razılaşdırılmış məsələdir. Növbəti aylarda bu istiqamətdə müəyyən addımlar atılmasının şahidi olacağıq. İranda yaşayan milli azlıqların, xalqların hüquqlarının qorunması, ana dilində təhsil almasına şərait yaradılması gündəmdə olacaq. Əsas hədəflərdən biri prosesi İranın maraqları çərçivəsində başlamaq və sonlandırmaqdır. Təbii ki, hər birimizin ən böyük arzularından biri İranda yaşayan azərbaycanlıların hüquqlarının ən yüksək səviyyədə təmin olunması, onların ana dilində təhsil almasına şəraitin yaradılmasıdır. Bu istiqamətdə qəbul edilən hər bir qərarı, atılan hər bir addımı dəstəkləyirik”.

Millət vəkili hesab edir ki, atılan hər yeni addım iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə töhfə verə bilər: “İranda yaşayan azərbaycanlıların hüquqlarının təmin olunması uzun illərdir təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında geniş müzakirə olunur. Hər kəs bu məsələyə baxılmasını gözləyirdi. Hakimiyyətə islahatçılar gəldiyi üçün məsələnin həll yolu real görünür”.

Kateqoriya: Dünya
Sonrakı yazı
Venesuela lideri dünyanın ən güclü seçki sisteminə sahib olduqlarını iddia edib
Öncəki yazı
Parisdə 2024 Yay Olimpiya oyunları artıq başlayıb