İranda keçirilən prezident seçkilərində islahatçı namizəd Məsud Pezeşkiani qalib gəlib. Bəs İranın yeni Azərbaycan əsilli prezidenti kimdir?
İyulun 5-də İranda baş tutan prezident seçkiləri ilə bağlı Qafqaz Türk Medianın araşdırmasını diqqətinizə çatdırırıq:
70 yaşlı Məsud Pezeşkiani İranın Məhabbad şəhərində doğulub. Orta təhsiliniUrmiyada alan Pezeşkiani hələ inqilabdan əvvəl Təbriz universitetində tibb təhsili alıb. O, ixtisasca kardiocərrahdır.
Pezeşkiani Təbriz seçki dairəsindən İran parlamentinə deputat seçilmişdir. Türkiyə – İran dostluq cəmiyyətinə rəhbərlik edib. İyulun 5-də İranda baş tutan prezident seçkilərinin ikinci turunun qalibi Məsud Pezeşkiani olub. Bu haqda İranın dövlət televiziyası iyulun 6-da xəbər yayıb. Prezident seçkilərinin ikinci turunda mötədil islahatçı Məsud Pezeşkiani və ultramühafizəkar sərtxətt tərəfdarı Səid Cəlili (Xameneinin nümayəndəsi) mübarizə aparıb.
İranın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, prezident seçkilərinin ikinci turunda Pezeşkiani 53,7 faiz yəni 16 milyon 384 min 403 səs, Cəlili isə44,3 faiz, yəni 13 milyon 538 min 179 səs toplayıb. Pezeşkiani qələbədən sonra dövlət televiziyasında ilk çıxışında deyib:
“Biz hamıya dostluq əlini uzadacağıq. Biz hamımız bu ölkənin insanlarıyıq. Biz hamımızdan ölkənin tərəqqisi üçün istifadə etməliyik.”
O, İranın keçmiş səhiyyə naziri olub. Seçkilərə qədər isə İran parlamentinin Təbrizdən olan deputatı olub. 2016-cı ildə İran parlamentində “Türk Bölgələri Fraksiyası” yaradıb. 2022-ci ildə hicab qaydalarını pozmaqda suçlanaraq saxlanan Məhsa Əmininin ölümünı görə İran hökümətini, məscidləri tənqid edib. O, İslam Respublikasının qadınlar üçün sərt geyim qaydalarına qarşı çıxır və nüvə proqramı ilə bağlı yeni saziş imzalamaqla Qərbin İrana qarşı sanksiyalarına son qoymaq istəyir. Əslən azərbaycanlı olan və açıqsözlü şəxs kimi tanınan Pezeşkiani 2009-cu ildə mübahisəli prezident seçkisindən sonra başlayan etirazların hökumət tərəfindən zorakı yolla dağıdılmasını da tənqid etmişdi. Onun bu addımı parlamentdəki mühafizəkarlar tərəfindən tənqidlərə məruz qalıb. İqtisadi və büdcə məsələləri ilə bağlı Pezeşkiani və onun ailəsinin şəffaflığı qoruduğu deyilir. O, İran İslam Respublikasında bir çoxlarını narazı salan korrupsiya və qohumbazlıq kimi proseslərdən də uzaq olub.
Biz, Qafqaz Türk Media qrupu olaraq inanırıq ki, yeni prezident qonşu dövlətlərlə, o cümlədən Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyəti ilə də mehriban qonşuluq münasibətlərini inkişaf etdirəcək, söz azadlığına yardımçı olacaqdır.