This is a specific ad

İlham Əliyev: “Böyük qayıdış sürətlənir”

50

Another advertisement

Qarabağ və Şərqi Zəngəzur dünya üçün nümunəvi bölgə olacaq.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının müzəffər Silahlı Qüvvələri 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsini böyük zəfərlə başa vurdu və işğala son qoyuldu…

 

…44 günlük savaşda əldə olunan qələbədən sonra Qarabağ və Şərqi Zəngəzur dirçəliş-bərpa dövrünü yaşayır. Azərbaycan dövləti artıq 4 ildir ki, azad olunmuş ərazilərimizdə quruculuq işlərini sürətlə davam etdirir. 4 ildir dövlət büdcəsindən ayrılan vəsaitlə yanaşı, əlavə gəlirlər də quruculuq işlərinə yönəldilib. İndiyə kimi azad olunmuş ərazilərin bərpasına ümumilikdə 12 milyard manat vəsait xərclənib, təkcə 2023-cü ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 6,4 milyard manat investisiya yatırılıb. 2024-cü ildə Azərbaycanın azad olunmuş ərazilərinin bərpası üçün 2,4 milyard ABŞ dolları məbləğində maliyyə vəsaiti ayıracağı gözlənilir. Bütün bunlar onu deməyə əsas verir ki, Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqtrasiyası gələn illərdə də əsas priortet olaraq qalacaq.

 

Prezident İlham Əliyev bununla bağlı çıxışlarının birində deyib: “Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır, hamısını öz hesabımıza edirik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik”.

 

Onu da qeyd edək ki, işğaldan azad edilən ərazilərin bərpası üzrə Azərbaycanın kifayət qədər təcrübəsi var. Hətta ölkəmizdə Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb ki, onun da missiyası aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün şəraitin yaradılmasını təmin etməkdir.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri plan üzrə aparılır. Artıq yaşayış binalarının inşası sürətlə icra edilir. Yeni yaradılacaq yaşayış sahələrinin yerləri müəyyənləşdirilir. Həmçinin tarixi abidələrin bərpası hazırlanan cədvəl üzrə həyata keçirilir. Əhalinin dayanıqlı məskunlaşmasını, həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsini şərtləndirən aqrar sahənin inkişafı diqqətdə saxlanılıb. Yüz kilometrlərlə avtomobil yolları, körpülər tikilib, bu istiqamətdə yolların, körpülərin və tunellərin bərpa-tikinti işləri davam etdilir, dəmir yolu tikintisi sahəsinədə də işlər davam etdirilir. Bununla yanaşı, yaşayış yerlərinin tikintisi də davam etdirilir. Artıq minlərlə ailə öz doğma evlərinə qayıdıb.

 

Yeni strateji mərhələdə Azərbaycan dövlətinin gündəliyində dayanan əsas məsələlərdən biri, daha dəqiq ifadə etsək, 5 milli prioritetdən biri 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərə “Böyük Qayıdış”ın təmin olunmasıdır. Güclü Azərbaycan dövləti qaçqın və məcburi köçkün soydaşlarımızın işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış”ını layiqli şəkildə təmin etmək əzmi nümayiş etdirir. Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda “Böyük Qayıdış” üzrə strateji çərçivə müəyyənləşdirilib. Sənəddə vurğulanır ki, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” məqsədinin reallaşdırılması üçün əhalinin dayanıqlı məskunlaşması təmin olunacaq. Əhalinin dayanıqlı məskunlaşması ərazilərdə planlaşdırılan zəruri ilkin şərtlərin yaradılması ilə dəstəklənəcək.

 

Sevindirici haldır ki, müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş ərazilərin məskunlaşdırılmasına start verilib. Azərbaycanlılar Zəngilan, Laçın, Füzuli və azad olunan digər dogma şəhər və kəndlərimizə qovuşub. Laçında, Ağdamda, Füzulidə, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda, Xocavənddə, Ağdərədə, Xocalıda və digər ərazilərdə görülən işlər uğurla davam etdirilir. Hökumət “Böyük Qayıdış” proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracaq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq. Həmçinin “Böyük Qayıdış”ı təmin etmək məqsədilə 2022-2026-cı illərdə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı Tədbirlər Planı təsdiq edilib.

 

İşğaldan azad olunan ərazilərdə dağ-mədən sənayesi, metallurgiya, yeyinti sənayesi, emal sənayesi, turizm-rekreasiya, yaradıcı sənaye, əczaçılıq, taxılçılıq, tərəvəzçilik, üzümçülük, pambıqçılıq, meyvəçilik, heyvandarlıq, quşçuluq, arıçılıq, tikini materialları kimi sahələr inkişaf potensialına malikdir. Bu sahələrə yatırılan sərmayələr həm qeyri-neft ixracının artması və idxalın əvəzlənməsi, həm də dəyər zəncirlərinə qoşulmaq nöqteyi-nəzərindən əhəmiyyət kəsb edəcək. Post-konflikt quruculuğu ölkəmizin iqtisadi təhlükəsizliyi, o cümlədən ərzaq təhlükəsizliyi baxımından əhəmiyyətli rol oynayacaq. Bu ərazilərdə investisiyaların təşviqi üçün müxtəlif mexanizmlər, o cümlədən, sənaye parkları və məhəllələri, aqro və texnoparklar və digər investisiya təşviqi mexanizmləri tətbiq edilə bilər. Qarabağda investorların maraqlarına səbəb ola biləcək resurslar, strateji aktivlər, səmərəlilik və bazarlar mövcuddur. Regionun həm 80 milyonluq İran, həm də Naxçıvan üzərindən 83 milyonluq Türkiyə bazarlarına çıxış imkanları ixrac-yönümlü sərmayələr üçün cəlbedicidir.

 

Qarabağın 2030-cu ilə qədər Azərbaycanın qeyri-neft sektorunun 5-10 faizi həddində iqtisadiyyata sahiblənəcəyi gözlənilir. İşğaldan azad olunan ərazilərdə 3 (Zəngilan, Laçın, Füzuli) beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Qarabağın işğaldan azad edilməsindən sonra sürətlə aparılan infrastruktur quruculuğu layihələrdən olan bu hava limanları nəinki iqtisadi, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu artıracaq. İlk növbədə, bərpa dövründə hava limanlarının rolu çox böyükdür. Başlıca olan səbəblərdən biri nəqliyyatlogistika baxımından bu bölgəyə çatdırılacaq malların, gediş-gəlişin bərpası, aparılan infrastruktur, quruculuq layihələrinin və bərpa prosesin sürətləndirməsinə müsbət təsir göstərəcək. Aeroportların fəaliyyətə başlaması, həmçinin Zəngəzur dəhlizinin də əhəmiyyətini artıracaq. Bu dəhlizin bərpası nəinki Azərbaycanın, həmçinin regionun, eləcə də Avrasiyanın bir neçə ölkəsinin inkişafını sürətləndirəcək.

 

Ümumiyyətlə, Qarabağ bölgəsi Azərbaycanda iqtisadi inkişafın yeni coğrafi drayveri – artım mərkəzi olacaqdır.

Bir sözlə, qarşıya qoyulan əsas vəzifə düşməndən təmizlənən əraziləri tezliklə dünyanın ən abad, ən gözəl bölgələrindən birinə çevirməkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu bölgə nəinki Azərbaycan, o cümlədən, dünya üçün nümunəvi bölgə olacaq: “Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsidir. Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaqlara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntılardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir”.

 

Dövlətimizin başçısının yeni dövr üçün qarşıya Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı mühüm vəzifə qoyması heç də təsadüfi deyil. Vətən müharibəsində işğaldan azad olunmuş ərazilər dünyada özlərindən “mədəni xalq” mifi uyduran ermənilərin gerçək simalarını bütün cəhətləri ilə açıb ortaya qoyur. Bu ərazilərdə yaşayan azərbaycanlılar öz ev-eşiklərindən zorla çıxarılıb, eyni zamanda ucdantutma hər şey dağıdılıb və yerlə yeksan edilib.

 

Otuz illik işğal dövründə məqsədli şəkildə viran qoyulan şəhər və kəndlərimizin siyahısı çox uzundur. Bu siyahıda 9 Azərbaycan şəhərinin adı var. Ermənistan eyni zamanda Azərbaycanın yüzlərlə kəndini qəsdən dağıdıb, bütün mədəni və dini abidələrimizi viran qoyaraq, talayaraq, onları əsl urbisid (şəhərlərə qarşı genosid) və kultursid (mədəniyyətə qarşı genosid) nümunələrinə çevirib. Sözsüz ki, İkinci Dünya müharibəsindən sonra şəhərlərin bu miqyasda dağıdılması dünyanın heç bir yerində baş verməyib. Ermənistan bu ərazilərdə əsrlər boyu yaşayan Azərbaycan xalqının izini silməyə çalışıb.

Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, xarici mütəxəssislər onu “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhəri işğaldan azad olunanda Azərbaycan Ordusu orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın.

Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə – yeksan edilib,qalan ikisi isə ciddi zərər görüb. Hətta qəbiristanlıqlar belə təhqir olunub,dağıdılıb və talanıb. Müharibə başa çatandan sonra ermənilər iddia edirdilər ki, işğaldan azad olunmuş əraziləri bərpa etməyə Azərbaycanın gücü çatmayacaq, bundan ötrü onilliklər lazım gələcək. Ancaq belə olmadı. Müharibə başa çatandan dərhal sonra bütün dünya dövlətimizin və xalqımızın torpaq sevgisinin, gücünün və qüdrətinin bir daha şahidi oldu.

Onu da xatırladaq ki, Ermənistanın ölkəmizə qarşı müharibəsinin vəhşiliyi onunla səciyyələnir ki, qarşı tərəf etnik təmizləmə əməliyyatları həyata keçirdi,terror, talan aktları törətdi, mülki mülki əhalini də hədəfə aldı. Getdikcə etnik çalarlara bürünərək zorakılıq birlikdə dinc yaşayışa da inamı məhv etdi. Etnik zəmində törədilən zorakılığı bir çox insan hiss etdi. Bundan başqa ermənilər əraziləri minalayıb. Birinci və İkinci Qarabağ müharibələrindən qalma minlərlə partlamamış mərmi var və ərazinin təmizlənməsi bir neçə il çəkəcək. Müharibədən sonra da artıq yüzlərlə ölüm var-həm hərbçilər, həm də mülki şəxslər. Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır,müxtəlif bəhanələrlə dəqiqləşdirilmiş mina xəritələrini verməkdən imtina edir. Ümumilikdə 2020-ci ilin noyabr ayından indiyədək 400-ə yaxın azərbaycanlı mina qurbanı olub. Bu gün Azərbaycan dövləti öz gücünə Qarabağ və Şərqi Zəngəzurda Ermənistandan miras qalan 340 milyon dollar dəyərində 1.5 milyondan çox mina və partlamamış hərbi sursatdan ərazinin təmizlənməsi, genişmiqyaslı quruculuq və bərpa işləri ilə məşğuldur. Azərbaycanın azad olunan yerlərində xarabalıqların bərpasına bundan sonra da milyardlarla dollar xərclənəcək.

Təbii ki, gec – tez Ermənistanın hərbi – siyasi rəhbərliyi törətdikləri cinayətlərə görə, mütləq mühakimə olunacaqlar. Çünki BMT-nin hesablamalarına görə, işğal nəticəsində Azərbaycana dəymiş iqtisadi zərərin həcmi 53.5 milyard ABŞ dolları həcmindədir.

Bununla yanaşı, Azərbaycan Hərbi Prokurorluğu tərəfindən aparılmış kompleks məhkəmə ekspertizasının ilkin hesablamalarına görə, bütün istiqamətlər üzrə dəymiş maddi ziyanın ümumi həcmi 820 milyard dollar təşkil edir.
Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi məqsədilə İşçi Qrupu yaradılıb və 1988-1994-cü illərdə silahlı erməni təcavüzü nəticəsində Azərbaycanın məruz qaldığı hər cür əmlakın o cümlədən yeraltı və yerüstü sərvətlərin itkisinin dəyərinin hesablanması, onların qiymətləndirilməsi və bu sahədə elektron məlumat bazası yaradılıb. Ermənistana qarşı vurduğu ziyana görə təzminat iddiası da mümkündür.

Cavid Şahverdiyev

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri

 

Kateqoriya: Dünya
Sonrakı yazı
Marneuli Bələdiyyəsinin Ləjbəddin kəndində daxili yolların bərpası işləri yekunlaşıb
Öncəki yazı
Ukraynada dövlət çevrilişi hazırlayan mütəşəkkil dəstə ifşa edilib