ABŞ-nin sanksiyaları Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının mövqeyini dəyişməyəcək.
QafqazTürk.com xəbər verir ki, bu barədə hakim partiyanın katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib. O, ABŞ vizasının olmadığını, sonuncu dəfə Amerikaya “Milan” futbol klubu oynadığı zaman səfər etdiyini deyib.
“Heç kim bu sanksiyalardan qorxmur. Biz artıq bunu bir dəfə demişik. Mən hər hansı bildiriş qəbul etməmişəm. Biz artıq öz siyasətimizi bəyan etmişik”, – Kaladze deyib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti “xarici agentlər” qanunun qəbul edilməsi ilə əlaqədar Gürcüstanın onlarla rəsmisinə – deputatlara, hakim partiyanın üzvlərinə, polis zabitlərinə, həmçinin rəsmilərin birinci dərəcəli ailə üzvlərinə viza məhdudiyyətinin tətbiq edildiyini açıqlayıb. Dövlət Departamenti Gürcüstan rəhbərliyi qanunla bağlı qərarını bir daha nəzərdən keçirməyəcəyi təqdirdə növbəti addımların atılacağını istisna etməyib.