Hər il mayın 3-ü Dünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur.
QafqazTürk bildirir ki, 1993-cü ildə BMT-nin Baş Assambleyası 3 may tarixini Ümumdünya Mətbuat Azadlığı Günü (World Press Freedom Day) elan edib.
Bu gün münasibətilə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, ifadə azadlığının inkişaf perspektivləri müzakirə edilir, mətbuatın müstəqilliyinin təmin olunması, senzuranın ləğvi, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və digər məsələlər araşdırılır.
Azad sözün şərəfinə elan olunmuş dünya mətbuat azadlığı ünü “soyuq müharibə” dövrünün başa çatması ilə yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxarıb.
XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildiriblər. 1991-ci il mayın 3-də UNESCO bu məramı ifadə etmiş sənədi – Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləyib və həmin günü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini Birləşmiş Millətlər Təşkilatına göndərib.
1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub.
Beləliklə hər il mayın 3-ü bütün dünyada senzuranın yolverilməzliyi, həbsdə olan jurnalistlərin azad olunması, təzyiqlərə məruz qalan jurnalistlərə qarşı bu hərəkətləri edənlərin cəzalandırılması ilə bağlı müzakirələr aparılır.