Tbilisidən avtomobillə Batumiyə səyahət müddəti 3 saat 30 dəqiqə saata enib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Bildirilib ki, bu gün Zestafoni dolama avtomobil yolunun istifadəyə verilməsi nəticəsində səyahət müddəti əhəmiyyətli dərəcədə qısaldılıb.
Qeyd olunub ki, Zestafoni dolama yolunun 9 kilometrlik Şorapani-Arqveta seksiyası Rikoti Keçidi magistral yolu layihəsi çərçivəsində açılıb. 4 tunel və 11 körpüyə malik dolama yolu keçmək üçün 6 dəqiqə lazım olacağı, bununla yol təhlükəsizliyi standartarının və səyahət rahatlığının artırıldığı bildirilib.
Məlumatına görə, Rikoti Keçidi magistral yolunun 70% -i artıq tamamlanıb. Asiya İnkişaf Bankının maliyyələşdirdiyi layihənin ümumi dəyəri 2,6 milyard laridir (təxminən 1 milyard ABŞ dolları). Layihənin 2024-cü ilin sonunadək tamamlanması gözlənilir. 52 kilometrlik Rikoti Keçidi magistral yolu 97 körpüyə və 51 tunelə malik olacaq.