This is a specific ad

Tbilisidə iftar məclisi təşkil edilib

45

Another advertisement

Azərbaycanın Gürcüstandakı səfirliyinin və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) birgə təşkilatçılığı ilə Tbilisidə iftar məclisi təşkil edilib.

QafqazTürk.com  xəbər verir ki, tədbir müqəddəs Qurani-Kərim ayələrinin və iftar duasının oxunması ilə açılıb.

Mərasimdə səfirliyin əməkdaşları, azərbaycanlı iş adamları, Türkiyə, Qazaxıstan və Türkmənistanın səfirləri, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstanın dövlət və hökumət rəsmiləri, dini icmaların rəhbərləri və üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev 11 ayın sultanı olan Ramazanın ehtiva etdiyi nəcib mənalarından danışıb, bu ay ərzində ədalət, saf niyyətlər və nəfsin paklaşdırılması ətrafında insanların birləşməli olduğunu qeyd edib.

İftar məclisində müsəlman və xristian dinini təmsil edən simaların dostcasına, qarşılıqlı hörmət və rəğbət əsasında toplaşması ölkələrimiz və xalqlarımız arasında tarixən formalaşmış sarsılmaz dostluq və qardaşlıq tellərinin bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycanın Gürcüstanla münasibətlərin inkişafına həmişə prioritet önəm verdiyini vurğulayan səfir F.Quliyev deyib ki, dövlət və hökumət başçılarımızın səyi nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Səfir ötən il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Gürcüstanda bir sıra tədbirlərin keçirildiyini qeyd edib. Bildirib ki, yubiley çərçivəsində dini mövzuda beynəlxalq konfransın təşkili də bu baxımdan mühüm əhəmiyyət kəsb edib. O, hər iki ölkənin dini qurumları arasında əlaqələrdən söz açıb, bu baxımdan imzalanan sənədlərin əhəmiyyətini qeyd edib.

Ölkələrimiz arasında möhkəm əlaqələrin təmin və inkişaf etdirilməsində Gürcüstanda yaşayan soydaşlarımızın müstəsna rolu, onların həmişə bu ölkənin sədaqətli vətəndaşları olmaqla, Azərbaycan ilə də mənəvi əlaqələrin inkişaf etdirilməsində göstərdiyi əzm və qətiyyət məmnuniyyətlə qeyd edilib.

Səfir bütün məclis iştirakçılarına qarşıdan gələn Ramazan bayramı münasibəti ilə bir daha ən xoş və səmimi təbriklərini çatdırıb.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze çıxışında təmsil etdiyi qurum və şəxsən öz adından ölkənin müsəlman icmasını Ramazan bayramı münasibətilə təbrik edib. O, başçılıq etdiyi Agentliyin həm ölkə daxilində, həm də qonşu ölkələrlə münasibətlərdə həmişə dinlərarası harmoniyanın təşviq edilməsinə çalışdığını söyləyib.

Agentlik sədri deyib ki, Azərbaycan tərəfi ilə birgə keçirilən tədbirlər Avropa dövlətlərinin nümayəndələri tərəfindən də yüksək qiymətləndirilib. Onun sözlərinə görə, ölkələrimiz arasındakı əməkdaşlıq təkcə bizim xalqlarımızın deyil, regionun stabilliyi və inkişafında mühüm əhəmiyyət kəsb edir.

AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov çıxışında Ramazan dəyərlərinin müasir dünyanın şəraitinə uyğun olaraq birgə təbliğ edilməsinin və bu sahədə bölgəmizdə olan təcrübənin dünya miqyasında örnək ola biləcəyini qeyd edib.

Tbilisi Ruhanı Akademiyası və Seminariyasının rektoru protopresviter Giorgi Zvidadze Gürcüstan Patriarxlığı adından Ramazan Bayramı münasibətilə səmimi salamları və ən xoş təbrikləri çatdırıb, gürcü xalqı və Gürcüstan Pravoslav Kilsəsinin də həmişə səmavi dinlərin təbliğ etdiyi dəyərlərin keşiyində durduğunu söyləmiş və bu sahədə qonşu Azərbaycanın dini rəhbərliyi ilə nümunəvi əməkdaşlığın qurduğunu vurğulayıb.

Sonra Marneuli şəhərinin meri Kənan Ömərov, Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Faiq Nəbiyev, GMİ-nin Qərbi Gürcüstan müftisi Adam Şantadze, Şərqi Gürcüstan müftisi hacı Etibar Eminov və başqaları çıxış edib, Ramazan Bayramının xeyirxah mənalarından danışıb, Azərbaycan səfirliyinə və AZEBİ rəhbərliyinə iftar məclisinin təşkilinə görə təşəkkür ediblər.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Niderlandda kafedə silahlı şəxs insanlar girov götürdü
Öncəki yazı
Türkiyə üçün VACİB GÜN