Kcsanisi inzibati ərazi vahidliyində mövcud çoxmərtəbəli yaşayış binalarının amortizasiya olunmuş liftlərinin sökülməsi və yeni elektron liftlərin quraşdırılması işləri başa çatdırılıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Qardabani meriyasının rəsmi sosial şəbəkə hesabında məlumat dərc edilib.
Məlumata görə, Qardabani bələdiyyəsinin meri Davit Karqareteli, merin birinci müavini Ramaz Budaqaşvili, infrastruktur, tikinti və məkanın təşkili xidmətinin rəhbəri Qoça Axalkaçişvili, bələdiyyə məclisinin maliyyə və büdcə komissiyasının sədri Levan Nijaradze və yerli hökumətin digər nümayəndələri tamamlanmış işlərlə tanış olublar.
Layihə çərçivəsində kabinələr, dizayn, idarəetmə şkafı dəyişdirilib, təhlükəsizlik sistemləri yenilənib, mühərrik bölməsində və valda stasionar işıqlandırma quraşdırılıb, bütün kanatlar, elektrik naqilləri və çağırış düymələri dəyişdirilib.
Qeyd edək ki, Qardabani və Krcanisi inzibati ərazi vahidliklərindəki çoxmərtəbəli yaşayış binalarının köhnə liftlərinin yenisi ilə dəyişdirilməsi layihəsinə ötən ilin noyabrında başlanılıb və icraçı şirkət müqavilədə nəzərdə tutulan işləri vaxtından əvvəl başa çatdırıb..
Ümumilikdə sıradan çıxmış 21 lift yeni, müasir elektron liftlərlə əvəz edilib ki, bunun üçün yerli büdcədən 1 milyon 50 min lari xərclənib.