Bakı şəhərində yerləşən Respublika Perinatal Mərkəzində yanğın baş verib.
QafqazTürk.com xəbər verir ki, baş vermiş yanğın nəticəsində 4 körpə ölüb.
Azərbaycan Respublikası BaşProkurorluğunun məlumatına görə, yanğınla əlaqədar cinayət işi başlanıb.
Bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan
şəxslər təxliyə olunub: “Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub.
Qeyd olunub ki, hadisəyə görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcək. Hadisə ilə əlaqədar vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, deyə birgə məlumatda bildirilib.