This is a specific ad

Şəkərin zərərləri – Gündə nə qədər qəbul edə bilərik?

54

Another advertisement

Şəkərdən istifadə yeməklərə və içkilərə ləzzət qatmağın ən populyar yollarından biridir. Lakin bu cazibədar dad orqanizmimizə özü ilə birlikdə sağlamlıq üçün risklər də gətirə bilər.

QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Validə Sadıxovanın hazırladığı məqalədə bəhs olunur.

Dadlı təhlükənin incə cizgisi
Normal miqdarda şəkər faydalı və hətta zəruridir. Normadan artıq olduqda isə piylənmə, diş çürüməsi, 2-ci tip diabet, ürək xəstəlikləri, ateroskleroz yaratmaqla və hətta bir neçə tədqiqatın nəticələrinə əsasən, bəzi xərçəng xəstəlikləri riskini artırmaqla şəkər “zəhər”ə çevrilə bilər.

Bəs nə qədər?
Ümumdünya Səhiyyə Təşkilatı böyüklərə və uşaqlara gündəlik sərbəst şəkər qəbulunu təxminən 25 qrama (6 çay qaşığı) qədər azaltmağı tövsiyə edir. Buraya təkcə qənd, şəkər tozu, mürəbbə, şərbət, şirniyyatların tərkibindəki şəkər deyil, həm də meyvə və tərəvəzlərin, balın tərkibində təbii halda olan şəkərin, eləcə də şirinləşdirilmiş içkilərin, qablaşdırılmış qidaların tərkibindəki şəkərin miqdarı da aid edilir.

“Şirin təhlükə”
Narkotik, spirt və nikotin tərkibli məhsulların istifadəsinin zərəri və bu maddələrdən asılılığın yaranma təhlükəsi fəal şəkildə işıqlandırılsa da, şəkər istehlakının təhlükələri haqqında çox az məlumat var. Bu məqalə oxucuları öz qida seçimləri barədə düşünməyə və bu mühüm məsələ ilə bağlı düzgün qərarlar qəbul etməyə dəvət edir.

Şəkər asılılıq yarada bilərmi?
Bəli, emal olunmuş şəkərin həddən artıq istifadəsi asılılıq yaradır. Müəyyən edilib ki, şirin qidalar qəbul olunduqda psixotrop maddənin və alkoqolun qəbulundan sonra olduğu kimi beynin eyni sahələri aktivləşir. Şəkər dildə olan dad reseptorlarına təsir edərək, beyində “xoşbəxtlik hormonu” ifrazını stimullaşdırır. Şirniyyatdan kəskin imtina cəhdi beyində həmin hormona ehtiyac yarada bilər ki, bu da nəticədə şəkər asılılığı olan şəxsdə daha çox həcmdə şirniyyat yemək istəyi yaradır. Bu səbəbdən şirniyyatı çox istehlak edənlərə şirniyyat qəbulunu tədricən azaltmaq tövsiyə olunur.

“Tərkibində şəkər yoxdur” yazılan qidalar haqqında həqiqətlər
Marketinqdə istifadə olunan hiylələrdən biri də məhsulların üzərindəki “tərkibində şəkər yoxdur” məlumatıdır. Əslində bu, yalan deyil. Həmin məhsulların tərkibində həqiqətən hamıya tanış olan ağ şəkər olmaya bilər. Lakin əvəzində qlükoza, fruktoza, dekstroza, maltoza, müxtəlif sirop növləri və baldan istifadə edilə bilər. Bu hal şəkər istehlakını azaltmır. Sadəcə, “sağlam qida” kateqoriyasına aid edilməklə həmin məhsulun qiyməti artırılır.

Yağışdan çıxıb yağmura düşməyək – şəkər əvəzediciləri
Şəkər əvəzediciləri adi şəkərdən 20-40, hətta bəzi növləri 200 dəfəyədək daha çox şirindir və təqribi 3 min adda məhsula (siroplar, yoqurtlar, tez hazırlanan səhər yeməkləri, dondurulmuş yarımfabrikatlar, hazır şorbalar, konservləşdirilmiş meyvə-tərəvəzlər, ketçup və souslar, saqqız, qazlı sular, qablaşdırılmış bir çox qidalar və s.) əlavə edilir.
Şəkər əvəzediciləri şəkərli diabet xəstəliyi olan və ya arıqlamaq arzusunda olanların əsas qida atributu hesab edilir. Lakin unutmaq lazım deyil ki, normadan artıq istifadə olunduqda miqren, başağrıları, depressiya, allergik reaksiyalar, ishal, o cümlədən qaraciyər zədələnməsi, insulin dirənci, xroniki iltihaba meyillilik, ürək-damar sistemi xəstəliklərinə səbəb ola bilər.

“Şəkər” labirintində kompas
Diabet xəstəliyinə bir labirint kimi baxsaq, sağlam qidalanmanın insanları düzgün istiqamətə yönəldən kompas olduğunu demək olar. Qidalanma l tip diabetdə qan şəkərinə nəzarət etmək üçün vacibdirsə, ll tip diabetdə daha çox xəstəliyin qarşısının alınması və idarə edilməsində mühüm rol oynayır.
Şəkərsiz həyat – sağlam həyat. Bu həyatı seçmək sənin əlindədir…
Sağlamlıq hər kəsin şəxsi seçimindən və həyat tərzindən asılıdır. Lakin bu bir həqiqətdir ki, şəkərin həyatımızdakı rolunu və qidalanma vərdişlərimizi yenidən nəzərdən keçirmək uzunmüddətli sağlamlıq üçün çox vacibdir.

Qısa tövsiyə
Çayı şokolad, mürəbbə və şirniyyat əvəzinə təzə və ya qurudulmuş meyvə və giləmeyvələrlə içmək, susuzluğu şəkərli içkilərlə deyil, su ilə dəf etmək, yemək hazırlayarkən isə minimum şəkər əlavə etmək və ya ümumiyyətlə əlavə etməmək, üzüm, armud kimi həddindən artıq şirin meyvələri limitli qəbul etmək daha məsləhətlidir.

Etiketə diqqət!
Alarkən qidaların etiket məlumatlarını oxumaq lazımdır. Məhsulun tərkibindəki inqrediyentlər onların miqdarının azalması istiqamətində yazılır, yəni inqrediyent siyahının başındadırsa, deməli, onun məhsulda miqdarı çoxdur.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
რამდენმა სატვირთომ გაიარა საქართველოს სატრანსპორტო დერეფანში
Öncəki yazı
ბაკურიანში მიმდინარე მსოფლიო თასის ეტაპი 17 ქვეყნის პირდაპირ ეთერში გადაიცემა