Akustik səs-küyün icazə verilən normalarını aşmağa görə sanksiyalar sərtləşir və müvafiq qanun bu ilin dekabrın 14-dən qüvvəyə minəcək.
QafqazTürk.com xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze bələdiyyə hökumətinin bugünkü iclasında deyib.
“Qanunvericiliyə əsasən, yaşayış evində, xüsusi mülkiyyətdə olan daşınmaz əmlakda, dövlət və ya dövlət qurumunun binasında akustik səs-küyün məqbul normalarından artıq olması qadağan edilərək müvafiq pul cərimələri tətbiq olunacaq. Bu günə qədər təyin olunan cərimə məbləğləri həqiqətə uyğun gəlmədi. Ona görə də qanunlayihəsini hazırlayıb parlamentə təqdim etdik. Mən onlara əməkdaşlığa görə təşəkkür edirəm”, – deyə Kaxa Kaladze bildirib.
Tbilisi meri həmvətənlərini qeyd olunan qanuna əməl etməyə və bir-birlərinə diskomfort yaratmamağa çağırıb.
“Biz biznesdə iqtisadi fəallığın təşviq edilməsinin nə qədər vacib olduğunu başa düşürük, lakin icazə verilən səviyyədən yüksək səs-küy nəticəsində sağlamlığına və ya emosional vəziyyətinə mənfi təsir göstərən insanların hüquqlarını unutmaq olmaz“, – deyə Kaxa Kaladze qeyd edib.
Onun sözlərinə görə, sözügedən qanuna əsasən:
a) Akustik səs-küyün yol verilən normalarını pozmanın birinci halında fiziki şəxs üçün 150 lari, hüquqi şəxs isə 1500 lari məbləğində cərimə edilir;
b) Eyni hərəkətin təkrar edilməsinə görə fiziki şəxs 500 lari, hüquqi şəxs isə 5000 lari məbləğində cərimə edilir;
c) Üçüncü və bütün sonrakı pozuntulara görə isə fiziki şəxs 1000 lari, hüquqi şəxs isə 10 000 lari məbləğində cərimə edilir.