Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşüb.
QafqazTürk.com xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğuladı.
Dövlət başçısı Gürcüstanın Baş naziri İrakli qaribaşvili ilə mütəmadi görüşlərinin, o cümlədən Azərbaycan Prezidentinin dəvəti ilə İrakli Qaribaşvilinin fəxri qonaq qismində SPECA-nın Bakıda keçirilmiş Zirvə görüşündə iştirakı zamanı onunla görüşünün iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsi işində rolunu qeyd edib.
Prezident İlham Əliyev ölkələrimizin həyata keçirdiyi birgə layihələrin vacibliyinə toxunaraq, bunu geniş regionda – Avrasiya məkanında önəmli amil kimi dəyərləndirdi və birgə təşəbbüslərin bundan sonra da uğurla həyata keçiriləcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı parlamentlərarası əməkdaşlığın da münasibətlərimizin inkişafına mühüm töhfə verdiyini vurğuladı, bunun əməkdaşlığımızın daha da möhkəmlənməsi üçün zəruri hüquqi baza yaratdığını dedi.
İlham Əliyev Şalva Papuaşvilinin Azərbaycana səfərinin əlaqələrimizin uğurlu inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.
Xoş sözlərə görə minnətdarlığını bildirən Gürcüstan parlamentinin sədri bu ilin mayında Azərbaycan Respublikası Milli Məclisinin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında iştirakı ilə əlaqədar Azərbaycana səfərini məmnunluqla xatırladı. Şalva Papuaşvili Heydər Əliyevin çox çətin bir dövrdə Azərbaycana müdrik rəhbərliyini qeyd edərək, Ümummilli Lider Heydər Əliyevin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin münasibətlərimizin əsasının qoyulmasında müstəsna rol oynadıqlarını dedi.
Şalva Papuaşvili ölkələrimizin həyata keçirdiyi layihələrin önəmini qeyd edərək bu layihələrin xalqlarımızın rifahına və bölgədə sülhə xidmət etdiyini vurğuladı. O, ikitərəfli dostluq münasibətlərimizin uğurla inkişaf etdiyini deyərək, bu işdə müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin roluna toxundu.
Görüşdə energetika, nəqliyyat, mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparıldı.