“Başda ABŞ olmaqla bir çox Qərb dövlətləri Türkiyə ilə Yunanıstan arasında gərginliyin artmasına çalışır”.
“QafqazTürk”ün xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasından qayıdarkən jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, ABŞ pulunun ödənilməsinə baxmayaraq, hələ də Türkiyəyə F-16 qırıcı təyyarələrini vermir:
“Amma Yunanıstana bu qırıcılar göndərilir. Biz yolumuza davam edəcəyik. Əlbəttə, mövqelərimizdə fərqliliklər var. Həlli dərhal mümkün olmayan problemlər də mövcuddur. Amma o problemləri həll edə biləcək tezislərə də sahibik”.
R.T.Ərdoğan söyləyib ki, yeni bir dövr başlayarsa, hər kəs verdiyi vədi yerinə yetirərsə, xarici təsirlər neytrallaşarsa, bundan hamı qazanar: “Bizim xarici siyasətimiz “daim biz qazanaq, qarşımdakı uduzsun” prinsipi üzərində qurulmayıb”.