Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə və Gürcüstanın “Yol hərəkəti haqqında” qanununa dəyişiklikləri ehtiva edən Daxili İşlər Nazirliyinin hazırladığı qanunvericilik dəyişiklikləri paketi Gürcüstan parlamenti tərəfindən ikinci oxunuşda 81 səslə dəstəklənib.
QafqazTürk.com xəbər verir ki, qanunvericiliyə edilən dəyişikliklər paketinin məqsədi yol hərəkəti təhlükəsizliyini təmin etməkdir.
Dəyişikliyə əsasən, dekabrın 1-dən martın 1-dək Gürcüstan hökumətinin müəyyən etdiyi zonalarda/yol hissələrində hərəkət edən avtomobilin qış təkərləri ilə təchiz edilməsi məcburi olacaq.
Bundan əlavə, xüsusi hallarda, meteoroloji şərait nəzərə alınmaqla, yuxarıda qeyd olunan müddətdən fərqli müddət müəyyən edilə bilər və ya avtomobilin qış təkərləri ilə birlikdə sürüşməyə qarşı zəncirlərlə təchiz edilməsi üçün əlavə tələb qoyula bilər.
Yuxarıda göstərilən tələblər pozulduqda sürücü inzibati məsuliyyətə cəlb olunacaq və 100 lari cərimə və sürücülük vəsiqəsinin 5 balı azaldılacaq.
Qış təkərlərinin texniki xüsusiyyətləri Gürcüstan hökumətinin qərarı ilə müəyyən edilir.