Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında final döyüşləri keçirilib.
QafqazTürk.com xəbər verir ki, həlledici mərhələdə Azərbaycan millisinin iki boksçusu rinqə çıxıb.
Yığmanın lideri Nicat Hüseynov (51 kq) finalda Ermənistan təmsilçisi Rudolf Qarboyanla döyüşüb. Boksçu rəqibinə heç bir şans verməyib. Hər üç raundu xeyrinə bitirən Hüseynov yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə inamlı qələbə qazanıb. O, bununla da titulunu qoruyaraq ardıcıl ikinci dəfə Avropa çempionu olub və Budvada Azərbaycan himnini səsləndirib.
57 kq çəkidə Əzrək Bəbirov isə yarışı gümüş medalla başa vurub.
Beləliklə, Azərbaycan yığması Avropa çempionatını beş medalla başa vurub. Komanda bir qızıl, bir gümüş və üç bürünc mükafata yiyələnib.Azərbaycan millisinə bürünc medalları Tural Sarıyev (48 kq), Murad Allahverdiyev (80 kq) və Marjona Savriyeva (50 kq) qazandırıb.