Litva mətbuatı xəbər verir ki, tarixdə ilk dəfə olaraq Litva sınaq rejimində Rusiyanın elektrik şəbəkəsindən tamamilə ayrılıb. Mətbuatın yazdığına görə, Litva Rusiyanın elektrik şəbəkəsindən ayrılaraq, öz enerji təchizatı sisteminin təcrid olunmuş işini həyata keçirib.
KİV-in məlumatına görə, sınaq 10 saat davam edib və bu müddət ərzində Litvanın elektrik enerjisi yerli elektrik stansiyalarından, eləcə də elektrik enerjisi Polşa və İsveçdən təmin edilib.
“Litva sınaqlarımızın uğurla başa çatdığını elan etməkdən qürur duyur. Bu gün tarixdə ilk dəfə olaraq Litvanın elektrik şəbəkəsi tam avtonom işləyir. Eyni zamanda qeyd etmək yerinə düşər ki, istifadəçilər bunu hiss etmədilər belə. Bu, gələn ilə qədər Rusiyanın elektrik şəbəkəsindən yekun və tam ayrılmasına yol açır”, – Litvanın xarici işlər naziri Qabrielius Landsberqis bildirib.
Məlumat üçün bildirək ki, Baltikyanı ölkələr Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiyanın qaz və neft kimi enerji ehtiyatlarından artıq istifadə etməsələr də, Rusiyanın elektrik enerjisi sistemindən hələdə asılı olaraq qalırlar.