“Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyi güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər“.
QafqazTürk.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində deyib.
İlham Əliyev, Cənubi Qafqazın əsrlər boyu davaların, savaşların və qanlı toqquşmaların məkanı olduğunu xatırladıb.
Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqenin ümidlər verdiyini deyən Prezident İlham Əliyev Azərbaycanın və Ermənistanın öz aralarında olan məsələləri tənzimləyəcəyi, sülh müqaviləsi imzalayacağı və Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqları günün uzaqda olmadığına ümidvar olduğunu vurğulayıb.
Dövlət başçısı Azərbaycan Respublikaslna xor baxanlara da xəbərdarlıq edib.
“Onu da bildirməliyəm, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”.