“Qadınların 90 faizindən çoxu gender bərabərsizliyi hökm sürən, imkanları məhdud ölkələrdə yaşayır”.
QafqazTürkün xarici mediaya istinadən verdiyi məlumata görə, BMT Baş katibinin gender bərabərliyi, qadınların hüquq və imkanlarının genişləndirilməsi üzrə müavini, “BMT – Qadınlar” kimi tanınan qurumun icraçı direktoru Sima Sami Bahus belə deyib.
BMT rəsmisi qeyd edib ki, qadınlar öz potensialının yalnız 60 faizini reallaşdıra bilir: “Qlobal İnsan İnkişafı İndeksində qadınlar 100 ballıq sistemdə 75 baldan aşağı bal toplamaqla kişilərdən geri qalır. Yoxsulluq məsələsində də gender fərqi yüksəkdir. Xüsusilə 25 – 34 yaş arası qadınlar arasında yoxsulluq kəskindir”.
Bütün bu faktorlar həm həyəcan təbili, həm də dəyişikliklərə ciddi çağırış kimi qəbul olunmalıdır.
“BMT – Qadınlar” qurumunun hesablamasına görə, dünyada gender fərqini aradan qaldırmaq üçün 360 milyard dollar maliyyəyə ehtiyac var. Sima Sami Bahus buna böyük vəsait kimi baxmır, hesab edir ki, gender bərabərsizliyinə son qoymaq üçün belə bir xərcə getməyə dəyər: “Gender bərabərliyi naminə 360 milyard dollar nədir ki… Bu məbləğ təkcə 2022-ci ildə dünyada hərbi əməliyyatlara xərclənmiş vəsaitin (2,2 trilyon dollar) beşdə birindən də azdır”.