“Son vaxtlar Ermənistanın informasiya məkanında Rusiya və Rusiya-Ermənistan münasibətləri ilə bağlı birtərəfli, neqativ, sadəcə olaraq, həqiqətə uyğun olmayan məlumatların yayılmasına dair aşkar tendensiya nə sizi, nə də bizi qane edə bilər. Bu, ənənəvi dostluq əlaqələrinin xarakteri ilə ziddiyyət təşkil edir”.
QafqazTürk.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rusiya-Ermənistan media forumu”nun iştirakçılarına ünvanladığı videomüraciətdə qeyd edib.
Rusiyalı diplomat söyləyib ki, Moskva erməni xalqının bütün bəlalarına görə Rusiyanın ittiham olunması tendensiyasını müşahidə edir.
“Erməni xalqının üzləşdiyi bütün bəlalara görə Rusiyanı ittiham etməklə erməni və rus xalqları arasında düşmənçilik və nifrət yaratmaq cəhdləri qəbuledilməzdir”, – M.Zaxarova qeyd edib.
Zaxarova həmçinin bildirib ki, Ermənistanın Rusiyanın bəzi siyasi, ictimai xadimlərini ölkəyə buraxmaması iki ölkə arasında qarşılıqlı əlaqələrə ziyan vurur.
Qeyd edək ki, İrəvanda 6-8 sentyabr tarixlərində birinci “Rusiya-Ermənistan media forumu” keçirilir.