Gürcüstan vətəndaşı olan bir qrup etnik ermənilərin sentyabrın 2-də Tbilisi şəhərinin Avlabari məhəlləsində dırnaqarası Qarabağa dəstək aksiyası keçirilməsi haqqında çağırış etmişlər.
Ermənilərin 2 sentyabr tarixində Tbilisidə planlaşdırdıqları aksiyaya Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov “QafqazTürk” xəbər portalımıza verdiyi müsahibəsində münasibət bildirib.
Müsahibəni təqdim edirik:
“Biz, Gürcüstan Azərbaycanlıları Konqresi olaraq hesab edirik ki, separatizmdən əziyyət çəkən vətənimizdə, yəni Gürcüstanda etnik separatizmi dəstəkləyən heç bir aksiyaya dövlətimiz icazə verməz. Dövlətimiz onu da bilir ki, həmin dırnaqarası Qarabağ respublikası adlandırılmağa çalışılan separatist qurum bizim işğal altında olan Çxinvali və Abxaziya bölgəsini dövlət kimi tanımışdır.
Bizim dövlətimiz çox gözəl bilir ki, adıçəkilən hər iki bölgəmizin işğalı dövründə, xüsusən də Abxaziyada Gürcüstan milli ordusuna qarşı vuruşan “Baqramyan batalyonu” adlanan qurum da məhz separatçı etnik ermənilərdən ibarət idi.
Bizim dövlət tanıyır ki, Qarabağ Azərbaycandır.
Gürcüstan vətəndaşı olan etnik ermənilər bilməlidirlər ki ölkəmizin Baş naziri cənab İrakli Ğaribaşvili dəfələrlə Azərbaycan-Ermənistan arasında gedən sülh danışıqlarının Tbilisidə keçirilməsini təklif etmişdir.
Sülh danışıqlarının keçirilməsi üçün paytaxtımız Tbilisi şəhəri bütün dünyada ən uyğun, ən gözəl yerdir.
Tbilisidə etnik separatizmi dəstəkləyən aksiyalar deyil, sülh danışıqları ola bilər. Onu da etnik ermənilərin nəzərinə çatdırmaq istəyirik ki, bizim milli dövlətimiz olan qardaş Azərbaycan Repsublikasının 20%-ə qədər ərazisini öz xarici havadarları ilə birlikdə, Rusiya Federasiyasının birbaşa iştirakı ilə 30 il bundan əvvəl işğala başladıqları zaman həmin bölgələrdə bəşəriyyətə qarşı törədilməsi mümkün olan və ya bütün beynəlxalq qanunlarla qadağan olan cinayətlərin, vandallıqların, soyqırımların qatilliklərin bütün növləri Azərbaycan xalqına qarşı törədilmişdir.
O dövrlərdə kütləvi şəkildə azərbaycanlı körpə uşaqlar, hamilə qadınlar və qocalar qəddarcasına, faşistcəsinə qətlə yetirilmişdir.
Həmin dövrdə çoxlu sayda erməni cəlladları tərəfindən əsir götürülmüş azərbaycanlıların taleyi haqqda bu gün heç bir məlumat yoxdur.
Həmin separatçılara xatırlatmaq istərdik ki, Azərbaycanın 44 günlük azadlıq müharibəsi dövründə heç bir yaşayış məntəqəsi nə də heç bir mülki vətəndaş Azərbaycan ordusu tərəfindən atəşə tutulmayıb, təcavüzə uğramayıbdır.
Azərbaycan ordusunun tək bir hədəfi var idi : doğma torpaqlarını işğal altda saxlayan, özünü yenilməz ordu adlandıran əsgəri qüvvələri və hərbi texnikaları məhv etmək və öz torpaqlarıni azad etmək idi.
Gürcüstan vətəndaşları olan etnik ermənilərə çatdırmaq istərdim ki, Ermənistan respublikası tanıyır ki, Qarabağ Azərbaycandır. Ermənistan respublikası heç vaxt dırnaqarası Qarabağ respublikası adlanan dövlət tanımamışdır.
Sonda vurğulamaq istəyirəm ki, bir çox qüvvələr çalışırlar ki, Gürcüstanı bölgədəki mövcud olan konfliktlərə tərəf kimi qatsınlar və ya poliqona çevirsinlər. İnanırıq ki, dövlətimiz həmişə ən ağıllı qərarları qəbul edəcəkdir.