NATO-Ukrayna Şurası Rusiyanın Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) müzakirə etdiyi Qara dəniz taxıl sazişindən çıxmasından sonra bölgədəki “ciddi təhlükəsizlik vəziyyətini” həll etmək üçün toplaşıb.
QafqazTürk.com xəbər verir ki, NATO-Ukrayna Şurası 11-12 iyul tarixlərində Vilnüs Sammitində təsis edildikdən sonra NATO-nun Brüsseldəki qərargahında səfirlər səviyyəsində ikinci iclasını keçirdi.
İclasda Ukrayna baş nazirinin müavini Aleksandr Kubrakov və Ukrayna hərbi rəsmiləri də iştirak edib.
Görüş NATO-nun baş katibi Yens Stoltenberq və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçən həftə məsləhətləşmələrdən sonra keçirilib. İclasa NATO baş katibinin müavini Mirça Coana sədrlik edib.
Görüşdən sonra NATO-nun bəyanatında Rusiyanın sazişdən çıxması, Ukraynanın taxıl ixracını dayandırmaq cəhdləri, Ukraynanın liman şəhərlərinə və taxıl anbarlarına hücumları müttəfiqlər və Ukrayna tərəfindən pislənib.