Türkiyə bazarındakı durğunluq Gürcüstan bazarına müəyyən qədər xeyir verib. Gürcüstan Maliyyə Nazirliyinin rəsmi statistikasına görə, 2023-cü ilin may və iyun aylarında Gürcüstan 625 ton qoz-fındıq ixrac edib. 1 kiloqramının qiyməti 5,45 dollar olub. Bu qiymət ötən ilin müvafiq ayları ilə müqayisədə 11% çoxdur.
“East Fruit”in analitiklərinin fikrincə, Gürcüstan artıq demək olar ki, bütün fındıq ehtiyatını ixrac edib.
Məlumatlara görə, bu il Gürcüstanda fındıq yığımına həmişəkindən tez – iyulun sonunda başlanır.Gürcüstan Fındıq İstehsalçıları Assosiasiyası yeni mövsümdə istehsalın həcminin 50 min tondan çox olacağını gözləyir.
Məlumat üçün bildirək ki, Türkiyə Taxıl Şurasının müəyyən etdiyi qoz-fındıq qiymətləri hələ də maraqlı tərəflər üçün çox yüksəkdir. Türkiyə bazarında qoz-fındıq alqı-satqısı ilə məşğul olan şura 23 min ton fındıq satmağı planlaşdırsa da, satışlar istənilən tempdə getmir.