• 10 Mart 2025 00:35

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

4 gündür Suriyada yüksək gərginlik davam edir, nə baş verir?

ByTürkan Şahverdova

Mar 9, 2025
Another advertisement

Suriyada Əsəd rejiminin süqutundan sonra Heyət Təhrir əş-Şamın (HTŞ) başçılıq etdiyi müxalif qüvvələr paytaxt Dəməşqdə konstitusiya təsisatları ilə dövlət hakimiyyətini bərpa etməyə çalışarkən, Latakiya və Tartusun qərb şəhərlərində köhnə rejim tərəfdarları ilə yeni administrasiya arasında başlayan qarşıdurmalar dörd gündür davam edən vətəndaş müharibəsi ilə bağlı yenidən gündəmə gəlib.

Bu vəziyyət necə yarandı?

Dekabrın 8-də Suriyada 61 illik qaniçən Baas rejiminin devrilməsinin ardından Əsəd rejiminə bağlı bir çox zabit və milis qrupları Əsəd ailəsinin mənsub olduğu Nusayri camaatının qalası kimi tanınan Latakiya və Tartus çölünə çəkilib. Köhnə rejimin qalıqları kimi qələmə verilən bu strukturların hərəkətə keçə bilməsi Suriya İnqilabının ilk günündən güclü ehtimal hesab edilirdi. Bu səbəbdən də münaqişənin başlanğıcında keçmiş rejimin generallarından olan Qiyas Süleyman Dallanın rəhbərliyi ilə “Suriyanın Azadlığı üzrə Hərbi Şura”nın bəyanat verməsi təəccüb doğurmadı.

Dörd gündür davam edən insidentlər cümə axşamı keçmiş rejimin yüksək rütbəli hərbçiləri tərəfindən yaradılan və Rusiyada mühacirətdə olan Bəşər Əsədlə koordinasiyada olduğu iddia edilən “hərbi şura”nın Latakiyanın Cəblə rayonunda bölgədə fəaliyyət göstərən təhlükəsizlik qüvvələrinə pusqu qurması və onlara hücum etməsi ilə başlayıb. Suriyanın yeni administrasiyasına bağlı ən azı 15 əsgərin öldürüldüyü hücumdan sonra Əsəd tərəfdarı olan “hərbi şura” Dəməşqə bağlı qüvvələrin Tartus və Latakiyadan geri çəkilməsini tələb edib, əks halda girov götürdükləri təhlükəsizlik qüvvələrini öldürməklə hədələyib. İrana yaxınlığı ilə tanınan Dalla daha sonra danışıqlara açıq olduğunu açıqlayıb. Nusayri icmasına yaxın sosial media hesabları da qrupun məhbusların dəyişdirilməsi üçün Dəməşq rəhbərliyi ilə danışıqlar tələb etdiyini bildirib. Suriyada yeni administrasiyanı hədəf alan hücumdan sonra Dəməşqin cavabı sərt olub.

Missiyasını yeni rejimin devrilməsi və bütün Suriya ərazilərinin azad edilməsi kimi qələmə verən Əsədyönlü qrupun Livandakı “Hizbullah” və İraq silahlı birləşmələrindən maliyyə, PKK-nın Suriya qolu PYD/YPG-dən isə maddi-texniki dəstək aldığı iddia edilib. “Hizbullah”ın mətbuat ofisi verdiyi açıqlamada dəstək iddialarını “qətiyyətlə” təkzib edib. Suriya əhalisinin təxminən 9 faizini təşkil edən nusayrilər Əsəd ailəsinin 50 illik hakimiyyəti dövründə hərbi və təhlükəsizlik qurumlarında sıx şəkildə təmsil olunublar. İnqilabdan sonra bölgədə Əsəd rejiminin qəddar hakimiyyəti ucbatından Nusayri camaatına qarşı repressiyaların ola biləcəyi qorxusu var idi. Digər tərəfdən, qarşıdurmaların başlamasından bir gün əvvəl İranın yüksək səviyyəli rəsmilərindən Əli Əkbər Vilayəti “Suriyada hər an vətəndaş müharibəsi başlaya bilər” deyərək Dəməşq rəhbərliyini vətəndaş müharibəsi ilə hədələyib.