“300 Qadın” qadın etiraz hərəkatının üzvləri həbsdə olan müəllim Nino Dataşvilinin azadlığa buraxılması üçün Prokurorluğa rəsmi müraciət ediblər.
QafqazTürk Media xəbər verir ki, təşkilat müraciətini Dataşvilinin səhhətinin pisləşməsi ilə əsaslandırıb.
Bəyanatda qeyd olunur ki, Dataşvilinin həbsdə saxlanılması “qeyri-insani rəftar” hesab olunur və onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi tələb edilir:
“Nino Dataşvilinin saxlanması qeyri-insani rəftardır. Biz tələb edirik ki, onun həbs-qətimkan tədbiri dəyişdirilsin və o, azadlığa buraxılsın.”
Hərəkat həmçinin vurğulayıb ki, bu hadisə yalnız fərdi ədalətsizlik deyil, həm də “qadınlara qarşı sistemli bərabərsizliyin” təzahürüdür:
“Dövlət qadınların hüquqlarının, o cümlədən ədalətli məhkəmə, sağlamlıq və ləyaqət hüququnun qorunmasını təmin etməlidir.”
Müraciətdə bildirilib ki, əgər Nino Dataşvili azadlığa buraxılmazsa, qadın hərəkatı Avropa və ABŞ-da fəaliyyət göstərən beynəlxalq təşkilatlara müraciət edəcək.Sənədi 314 nəfər imzalayıb.
Xatırladaq ki, Nino Dataşvili 2025-ci il iyunun 9-da baş verən insidentə görə iyunun 20-də həbs edilib. O, Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsinin 2-ci bəndinin 3-cü hissəsi ilə — “dövlət qulluqçusuna xidməti vəzifəsini yerinə yetirərkən hücum” ittihamı ilə saxlanılıb. Bu maddə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Dataşvilinin bu gün keçiriləcək məhkəmə iclasında səhhətinin pisləşməsi səbəbindən iştirak edə bilməyəcəyi bildirilib.