Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirin keçirildiyi “Paraqraf” otelinin Akt salonunda Azərbaycanın davamlı və dinamik inkişafını əks etdirən salnamə xarakterli fotolardan ibarət sərgi açılıb.
Eyni zamanda, COP 29-a dair məlumat xarakterli lövhələr quraşdırılıb.
QafqazTürk.com xəbər verir: Tədbirdə Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.
Dövlət himnləri gurultulu alqışlarla qarşılanıb.
Təntənəli tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Türkiyə Respublikasının Gürcüstandakı səfiri Ali Kaan Ayhan, eləcə də ölkəmizdəki diplomatik korpusun nümayəndələri, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Gürcüstan Parlamentinin deputatları Zaur Darğallı, Savalan Mirzəyev, keçmiş nazirlər və səfirlər, ziyalılar və bələdiyyə rəhbərləri, gürcü, azərbaycanlı və türk iş adamları iştirak ediblər.
Səfir Faiq Quliyev çıxış edərək Azərbaycan Respublikasının dövlətçilik tarixindən söz açıb, 1918-ci ildə yaradılan və yaradılışı Tiflisdə elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin 23 ay yaşamasına baxmayaraq qazandığı uğurlar barədə ətraflı məlumat verib. Azərbaycanın Şərqdə ilk demokratik Respublika olduğunu vurğulayıb. O bildirib ki, 1990-cı ilin əvvəllərində xalqımız öz müstəqilliyinə yenidən qovuşub. Və Azərbaycan Xalq Cümhuriyyətinin varisinin bugünkü Azərbaycan Respublikasının olduğu qanunla təsbit edilib.
Azərbaycan-Gürcüstan münasibətlərindən söz açan diplomat bildirib ki, hazırda iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib: “Bu da bizim dostluğumuzun, qardaşlığımızın və tərəfdaşlığımızın yüksək səviyyədə olduğunun əyani sübutudur”.
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili çıxışında Azərbaycanla Gürcüstan arasındakı bugünkü əməkdaşlığının yüksək səviyyəsinin xalqlarımıza daha çox fayda gətirəcəyini qeyd edib. Dostluğumuzun önəmini deyib, parlamentlərarası əlaqələrin hər iki ölkə üçün əhəmiyyətini vurğulayıb.
Parlament sədri bildirib ki, Azərbaycan ilə Gürcüstan regionun aparıcı dövlətləri olmaqla yanaşı Avropanın da enerji təhlükəsizliyində mühüm rol oynayırlar.
Təntənəli tədbir musiqili proqramla davam edib.
Azərbaycandan gəlmiş musiqiçilər Azərbaycanın xalq və bəstəkar mahnılarını ifa ediblər. “Qarabağ şikəstəsi”, “Azərbaycan, “Qarabağ” və s. mahnılar alqışlarla qarşılanıb.