22 yaşlı gürcü əsilli Katerina Demetraşvili Çexiya parlamentinə deputat seçilib
Əslən gürcü olan Katerina Demetraşvili Çexiya parlamentinə “Piratlar” partiyasının siyahısı ilə daxil olub. O, ölkənin ən gənc deputatlarından biridir.
22 yaşlı Katerina hazırda hüquq fakültəsində təhsil alır. O, Texasda gürcü ailəsində doğulub, bir yaşından etibarən isə Praqada yaşayır.
Seçkilərdən əvvəl verdiyi müsahibədə Katerina öz mənşəyi və ailə tarixindən danışıb:
“Biz yaxşı bilirik ki, Rusiyanın ona məxsus olmayan əraziləri mənimsəməyə çalışması nə deməkdir. 1993 və 2008-ci illərdə Rusiya Gürcüstanın böyük hissəsini işğal etməyə cəhd etdi. Mənim soyadım da göstərir ki, mən oradanam. Nəticədə, Gürcüstan ərazisinin 20 faizi – Osetiya və Abxaziya – işğal altında qaldı.
Bu illər ərzində həm babam, həm də atam müstəqillik uğrunda mübarizə aparıblar. 2022-ci ildə Ukraynada müharibə başlayanda atam Gürcü Legionunun tərkibində Ukraynanın suverenliyini müdafiə etmək qərarına gəldi. O, snayperdir…”
Gənc deputat ailəsinin siyasi baxışları barədə də danışıb:
“Anamın Çexiya vətəndaşlığı yoxdur, buna görə də ölkə siyasətini yaxından izləyə bilmir, amma mənə “Piratlar” partiyası barədə məlumatlar göndərərək dəstəyini göstərir. Atam isə hələ bilmir ki, mən seçkilərdə iştirak etmişəm — ona deməmişəm.”